Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab

1390 oxunma | Tarix: | 1 həftə öncə
Millət vəkili Elxan Süleymanovun Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazdığını xəbər vermişdik. Elxan Süleymanov məktubda Modern.az saytında dərc edilən “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verir” başlıqlı yazı ilə bağlı hiddətini ifadə edib.
Onun iddiasına görə, “həmin yazı  cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır”.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlı “Yeni Sabah”a açıqlamasında deyib ki, Elxan Süleymanov Mətbuat Şurasına ünvanladığı məktubda fikirlərini çox aqressiv şəkildə ifadə edib: “Az qala Modern.az saytını asıb-kəsməyə çalışır… Ola bilsin ki, son günlər mətbuatda pensiya yaşını keçmiş məmur və deputatlar barədə dərc olunan yersiz yazılar Elxan müəllimi də özündən çıxarıb və o da bütün acığını Modern.az-a yönəldib.

Elxan Süleymanovun Modern.az saytının 4 noyabr 2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər…” adlı məqaləsini  alçaldıcı yazı kimi təqdim etməsi əsassız iddiadır və başadüşülən deyil.

Yazıda deputatlara öz işlərində xanım köməkçilərin yardım etdiyi diqqətə çatdırılıb. Bu informasiya da Milli Məclisin öz saytından götürülüb. Elxan müəllim çox uzağa gedərək, iddia edir ki, yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. Hardadı həmin suçlama? Yazıda qeyri-adi, üstüörtülü ifadələr harda qeyd olunub?

Xanımlar bizim baş tacımızdır və cəmiyyətimizdə onlara daim xüsusi hörmət və ehtiram mövcud olub, düşünürük ki, həmişə də belə olacaq. Elxan müəllimdən xahiş edirik ki, fikirlərini ifadə edəndə jurnalistlərə iftira atmasın, hansısa cümləni başqa yerə yozmasın, yaşlı insan kimi nümunə göstərsin.  Yox, yenə başqa cür fikirləşirsə, bu artıq onun öz işidir”.

XƏBƏRLƏR:  “İlqar Məmmədov hər səhər ofisə ən tez gəlir, çay dəmləyir”

Baş redaktor bildirib ki, Milli Məclislə sıx işgüzar münasibətlər quran Modern.az saytı heç vaxt kimliyindən asılı olayaraq hansısa deputata qarşı qərəzli, sifarişli, təhqiramiz yazılar dərc etməyib. “Əksinə, həmişə başqalarının “vurduğu” deputatlara öz fikirlərini cəmiyyətə çatdırmaq üçün tribuna vermişik.

Məsələn, deputatlara yaşlarına görə mənfi yanaşma az qala kampaniya halını alanda biz dərhal yaşlı nəslin nümayəndələrindən olan millət vəkillərinə öz fikirlərini cəmiyyətə təqdim etməyə şərait yaratdıq”, -deyə Əfqan Qafarlı vurğulayıb.

Baş redaktor əlavə edib ki, Milli Məclisə seçkilərdə namizədlərə yuxarı yaş həddi qoyulmadığı bəllidir. “Biz də yazılarımızda da heç vaxt bu məqamı qabartmamışıq. Elxan Süleymanov düz deyir, biz də Modern.az olaraq hesab edirik ki, elə yaşlı deputat və ya məmur var ki, o, bacarığına, savadına, nitq qabiliyyətinə və digər keyfiyyətlərinə görə bəzi gənclərə nümunə ola bilər və belə insanların təcrübəsindən həmişə istifadə olunmalıdır”.

Məlumat üçün deyək ki, sözügedən yazı deputat köməkçiləri ilə bağlıdır. Milli Məclisin saytına istinadən hazırlanan materialda bildirilir ki, yaşlı deputatların köməkçiləri əsasən xanımlardır. Yazıda həmin deputatlardan bəzilərinin, o cümlədən də Elxan Süleymanovun adı qeyd edilib. Həmin yazını da oxuculara təqdim edirik:

XƏBƏRLƏR:  Addım-addım sistem dəyişikliyi - Əliyevlərin yeni komandası 

Xəbər verdiyimiz kimi, Milli Məclis ötən həftədən deputatlarla bağlı yenilik edib. Bu vaxta kimi Milli Məclisin internet resursundakı “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdisə, indi artıq orada “Deputatla əlaqə” keçidi də yaradılıb. İndi həm seçicilər, həm də ictimaiyyət bu keçiddən yararlana bilər.

Belə ki, “Deputatla əlaqə” keçidində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.  Modern.az saytının əməkdaşı “Deputatla əlaqə” keçidində deputat köməkçilərinin kimliyinə diqqət yetirərkən maraqlı bir məqamı diqqətdən qaçırmayıb.

Məlum olub ki, Milli Məclisin bəzi yaşlı deputatları xanım köməkçilərlə işləməyə üstünlük verirlər. Məsələn, parlamentin ən qocaman üzvlərindən olan İntizam Komissiyasının sədri, 82 yaşlı Ağacan Abiyevi (köməkçisi Xuraman Quliyeva) buna misal göstərmək olar.

Elə 79 yaşlı deputat Elxan Süleymanovun (köməkçisi Təranə Babayeva), 79 yaşlı Ziyad Səmədzadənin (köməkçisi Firuzəxanım Qəribova), 73 yaşlı Əliağa Hüseynovun (köməkçisi Aytən Qəniyeva), 72 yaşlı Madər Musayevin (köməkçisi Gümüş İbadova) də işlərinə xanımlar kömək edir.

Bəlkə də zərif məxluqlarla işləməyə üstünlük vermələri bu deputatların yaşından irəli gəlir… Axı belə deyirlər ki, hər gün gənc xanımlarla ünsiyyətdə olmaq yaşlıları ruhən cavan saxlayır. Bəlkə də, Milli Məclisdə sonuncu deputatlıq dönəmlərini yola verən ağsaqqal parlamentarilər də bu deyimin hikmətinə inanırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir