Bizdə ilk uşağa 90 manat, Ukraynada 1800 dollar verilir
Bizdə ilk uşağa 90 manat, Ukraynada 1800 dollar verilir
28 Oktyabr 2016 / 18:14 / Baxış sayı: 1560
Font1 Font2 Font3 Font4
Bizimxeber
Xarici ölkələrlə müqayisədə Azərbaycanda dövlətin uşaqlara heç bir «borcu» yoxdur 
Müavinətlər dayandırılıb, çoxuşaqlı ailələrə simvolik yardım nəzərdə tutulur, analar isə imtiyazlardan məhrum edilib.
Uşaqlar bir millətin, dövlətin gələcəyidir. Sivil ölkələr uşaqların, gənclərin yetişməsinə, onların təhsil və sağlamlığına, böyüməsinə imkan yaradır. Azərbaycanda isə uşaqlara göstərilən münasibət fərqlənir. Bir neçə gün öncə redaksiyamıza övladının sağlamlıq problem olan valideyn bildirdi ki, Xaricdə Müalicə üzrə Dövlət Komissiyasının sədri “dövlət sənin övladına niyə pul xərcləməlidir ki? Onsuzda öləcək…” – deyib. Ölkədə uşaqlara dəyər verilmədiyindən şikayətçi olan valideyn, tək öz övladı üçün yox, digər uşaqların da gələcəyi üçün narahat olduğunu dilə gətirmişdi. Bu qəddar münasibəti bütövlükdə dövlətin uşaqlara münasibəti kimi qəbul etmək olmaz. Bə Azərbaycanda uşaqların hansı imtiyazları var, dövlət körpələr üçün nə edir?
Uşaq doğulduğu andan etibarən… Bizdə və xaricdə
 
Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-cü il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib. İşləyən qadın “analıq məzuniyyəti” dövründə hər  ay üçün müavinət alır. Ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 3 yaşadək isə 15 manat ödənilir.
Ancaq məsələ ondadır ki, bu yardımdan işləməyən analar məhrum olunub. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım ala bilər. Onu da qeyd edək ki, 2006-cı ilin yanvarınadək 18 yaşadək uşaqlara müavinət verilirdi. Həmin uşaqpulunun məbləği 1 manat 80 qəpik təşkil edirdi. Bu, ləğv edildi və əvəzində bir dəfəlik müavinət müəyyən olundu. Yalnız ailədə uşaqların sayı 5 nəfərdən çoxdursa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir.
Xarici ölkələrdə isə uşağa görə verilən müavinət xeyli yüksəkdir. Məsələn, Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə, burada müavinətlər bizim üçün fantastik görsənə bilər. Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş ana uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funt sterlinqdir. Bəzi Ərəb ölkələrində isə bu məbləğ 20 min dollardan başlayır.
Ailədə olan uşaqların sayına görə dövlət qayğısı… 
 
Sovetlər Birliyi dönəmində əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı. O vaxtlar nəinki kənd yerlərində, şəhərlərdə çoxuşaqlı ailələrin sayı çox idi. Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10-12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailələr ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç “Qəhrəman ana”nın hər biri 17 uşaq dünyaya gətirib.
Çoxuşaqlı ailə termini bir sıra dövlətlərdə bu sistem hələ də işləyir. Keçmiş sovet respublikalarından Rusiya bu cür ailələrə bir sıra güzəştləri tətbiq etməkdədir. Bu ölkədə 3-dən çox uşağı olan ailələr çoxuşaqlı sayılır.
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulmuşdur. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür.
İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur.
Finlandiyada isə çoxuşaqlı ailələrə, təkvalideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği bir neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.
Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır.
Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında Sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.
Əgər uşaq valideynlərini itirərsə…
 
Son günlərdə ölkədə ailədaxili cinayətlərin də sayı artmaqdadır. Bəzi hallarda isə müəyyən hadisələr nəticəsində uşaq hər iki valideyinini itirmiş olur. Ölkədə mövcud olan qanunvericiliyə görə bu zaman rayon icra hakimiyyəti orqanı uşağın yaxın qohumları arasından ona qəyyum olacaq şəxsi seçir, əgər elə bir şəxs yoxdursa bu zaman uşaq “uşaqlar evi”nə verilir. Ancaq bu zaman uşağın aldğı psixoloji travma da nəzərə alınmır. Nə psixoloq, nə də pedaqoq yardımı göstərilmir. Beləliklə, uşaqda yaşadığı hadisəyə bağlı olaraq müəyyən travmalar qalır ki, buda onun gələcəkdə sağlam fərd olaraq yetişməsinə mane olur.
Ailə Məcəlləsinin 136-cı maddəsinə görə qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanılması, tərbiyə olunması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədi ilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 18 yaşınadək olan uşaqlara təyin olunur. Uşaqlara qəyyum təyin olunarkən, qəyyumun əxlaqi və başqa keyfiyyətləri, onun qəyyumluq vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə uşağın öz arzusu nəzərə alınmalıdır. Sadalanan bütün bu şərtlər valideynlərinin himayəsindən məhrum olmuş uşağın ailə mühitində tərbiyə edilməsi üçün əlverişli şəraitin yaradılması ilə birbaşa əlaqəlidir. Belə ki, qəyyum olmaq istəyən şəxsin hərəkətləri mənəviyyata ziddirsə, onda insanlara qarşı qəddarlıq, rəhimsizlik, laqeydlik və digər bu kimi keyfiyyətlər varsa, o, əlbətdə ki, qəyyum təyin oluna bilməz”.
Qardaş ölkə Türkiyədə isə “Sosyal Hizmetler” adlı qurum fəaliyyət göstərir. Hansı ki, bu qurum həm uşaq evləri, həm də internat evlərinə nəzarət edərək, uşaqların yerləşdirilməsini təmin edir. Qorunmaya möhtac olan uşaqlar üçün bu ölkədə 109 internat evi, 96 uşaq evi fəaliyyət göstərir.Təxminən 15 min uşaq bu vasitə ilə dövlətin himayəsində olmuş olur.
Ölkədə qorunmağa möhtac uşaqlar terminini isə belə izah edirlər: “Bədən, ruh, əxlaqi inkişafı və ya şəxsi güvənliyi təhlükədə olan, ana və ya atasız, və ya valideynləri məlum olmayan, ana və ya atası tərəfindən laqeyd münasibət bəslənən, dilənçilik, spirtli içki və narkotik istifadəsi kimi təhlükəli durumlarla qarşılaşan, nəzarətsizliyə doğru gedən uşaq qorunmaya möhtac olan uşaq hesab edilir”.\bizimyol.info\
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə