“Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik” – Şəhid polkovnikin qardaşı
“Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik” – Şəhid polkovnikin qardaşı
09 Avqust 2016 / 19:18 / Baxış sayı: 1888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aprel müharibəsində qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Raqub Orucova hələ də Milli Qəhrəman adı verilməyib. Orucovun ailəsi də Müdafiə Nazirliyinin göstərdiyi münasibətdən gileylidir…

Onun qardaşı Zabil Orucov müdafiə naziri Zakir Həsənova növbəti dəfə müraciət edib. Z.Orucovun müraciətində deyilir: “Dəfələrlə görüş üçün müraciət etsək də, bu səadət bizə nəsib olmayıb. Amma Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı xəbəri oxuduqdan sonra məcbur qalıb bu məktubu yazmalı oldum.

Biz şəhidlik acısını illər əvvəl çəkmiş, məşəqqətlər içərisində, didərginlik şəraitində böyümüş insanlarıq. Raqub Orucov güvən yerimiz, fəxrimiz idi. Siz ondan adi bir zabit kimi bəhs edə bilərsiniz. Ancaq xalq və onu sevənlər Raqub haqda ehtiramla danışırlar.

Əvvəlcə onu nəzərinizə çatdırmaq istəyirəm ki, nazirliyin yaydığı məlumatın düzgünlüyü yoxlanılsın. Raqubun həm doğum tarixi, həm şəhid olduğu yer səhv göstərilib”.
Z.Orucov qeyd edib ki, böyük döyüş təcrübəsi olan qardaşı hamıdan öndə – işğaldan azad edilən Ağdərə səngərlərində şəhid olub: “Bunu təsdiqləyən sənədi təqdim edirik. Sizin tabeliyinizdə olanlar isə səhvini düzəltməyiblər. Onun Goranboyda şəhid olduğunu qeyd ediblər.

Biz ölüm kağızını və digər tələb olunan sənədləri vaxtında tərtib etmişik. Nazirliyin Pensiya İdarəsinin məsuliyyətsizliyi ucbatından hələ də sənədlər Pensiya Fonduna təqdim olunmayıb. Dəfələrlə bu barədə müraciətimiz olsa da, nəticəsiz qalıb.

Bu ilin iyunun 14-də göndərdikləri sənədlər isə natamam olub. Bizə təsir edən ödənilməyən müavinət deyil, nazirliyin şəhid ailəsinə biganə münasibətidir”. Şəhid qardaşı bildirib ki, R.Orucov 25 illik xidməti dövründə heç zaman arxa cəbhədə xidmət etməyib: “Amma onun dəfnində nazirlikdən heç bir nümayəndəniz iştirak etmədi, əvəzində ona dəyər verən xalq var idi. Xalq Raqubu qəhrəman kimi yola saldı. Nazirliyin mətbuat xidməti onu da bildirib ki, Milli Qəhrəman adı xidmət illərinə yox, göstərdiyi şücaətə görə verilir. Nəzərinizə çatdırım ki, Raqub hələ 25 yaşında çoxlarının ayaq basa bilmədiyi Kəlbəcər torpaqlarından ermənini diri-diri əsir gətirib. Sonra ordumuzun əsir düşmüş 7 əsgərinə dəyişmişdi. Kəşfiyyata gedənlərin heç birinin burnu da qanamamışdı.

İlk dəfə düşmən arxasında onların yerləşmə mövqelərini kameraya çəkib gətirib. Məhz buna görə Ulu öndər Heydər Əliyev onun xidmətlərini dəyərləndirmişdi. Xidməti dövründə 9 medalla təltif olunub. 20 illik qüsursuz xidmətinə görə mənzillə təmin edilib.

Rəhbəri olduğu hərbi hissədə zabit və əsgərlər Raqub Orucovu əvəzolunmaz sərkərdə kimi xatırlayır. Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik. Ona bu adı xalq verdi. O, general kimi yaşadı, qəhrəman kimi şəhid oldu.
Bizə maraqlıdır, daha hansı şəraitdə şəhid olmaq lazımdır ki sizin qəhrəmanlıq kriteriyalarınıza uyğun gəlsin?! Sizin xidmətinizdə olan generallardan neçəsi onun keçdiyi yolu keçib? Hansı mühitdə və hansı xidmətlərinə görə general olublar?

Hörmətli Mehriban xanım bizi və digər şəhid ailələrini qəbul etdi, dəstəyini verdi, bizimlə bərabər göz yaşı tökdü. Amma nazirlikdən biganə münasibət gördük. Mən və ailəm inanırıq ki, cənab prezident ailəmizə qarşı edilən ədalətsizliyə son qoyacaq”.(Politika.az)

Nəcməddin Sadıqovun Raqub Orucovla şəxsi ədavəti olub?-

AFN.az xəbər verir ki, Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu R.Orucova olan bu münasibətin arxasında Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun dayandığını bildirib: “Raqub Orucova, umumilikdə aprel şəhidlərinə əsas hörmətsizliyi və səhlənkarlığı nazirliyin bu işə məsul adamları edib. Konkret Raquf Orucova qarşı qərəz isə şəxsən Nəcməddin Sadıqovdan gəlir. Rauqbla şəxsi ədavəti olub, indi də qərəzini onun ailəsinə qarşı davam etdirir”. R.Kərimoğlu, məsələ ilə bağlı konkret faktları olduğunu, geniş yazı yayaycağını deyib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə