Biləsuvar rayonunda 2016-cı ilin doqquz ayının hesabat yığıncağı keçirilib
Biləsuvar rayonunda 2016-cı ilin doqquz ayının hesabat yığıncağı keçirilib
13 Oktyabr 2016 / 15:51 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4
Bizimxeber

13 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin  doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri,  rayonun  iş adamları, pambıq mülkiyyətçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.

Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  geniş hesabat məruzəsi ilə çıxış edərək rayonda bu ilin doqquz ayında görülmüş işlərlə bağlı ətraflı məlumat verdi.Bildirdi ki: “Nazirlər Kabinetinin iclasında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  qeyri neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsinin vacibliyini  xüsusi qeyd etmişdir.” Aqrar sahənin ən önəmli və gəlirli sahələrindən olan pambıqçılıq həmişə strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi kimi ölkə iqtisadiyyatında xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyev pambıqçılığın inkişafına həmişə böyük əhəmiyyət vermiş, pambıq istehsalı Azərbaycanda bir milyon tona yüksəlmişdi. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilmiş, hər il 35-40 min ton pambıq istehsal olunub.

Pambığın alış  qiymətinin artırılması, subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Son illərlə müqayisədə bu il rayonumuzda dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilmişdir. Hesabat gününədək sahələrdən 4000 tona yaxın ağ qızıl toplanmışdır. Pambıqçılarımız bu il 12 min tondan çox məhsul yığmağı planlaşdırırlar.

Bütün bunları nəzərə alaraq rayonumuzda da növbəti ildə 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmışdır. Bu da imkan verəcək ki, 20 mindən çox sakin işlə təmin edilsin.

Rayonumuzda pambıqçılığın inkişafı ilə yanaşı  kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuş və hesabat dövründə bu sahələrdə də müvafiq işlər aparılıb. 2016-cı ildə  rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. Bundan 8043 ha yonca, 6040 ha pambıq, 2005  ha tərəvəz, 814 ha qarğıdalı, 782 ha şəkər çüğunduru, 462 ha günəbaxan, 121 ha kartof, 114 ha bostan, 68 ha paxlalı bitkilər əkilmişdir.Yazlıq əkinlər zamanı 349 hektar ərazidə təkrar əkin aparılmışdır.2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkini aparılmış və sahələrdən 79.8 min ton məhsul toplanmışdır.

Rayon üzrə ümumilikdə 6500 hektar əkin sahələrinin  suvarılması müasir texnologiyalar əsasında qurulmuş çiləmə  və damla üsulu ilə həyata keçirilir.Torpaqların meliorativ vəziyətinin yaxşılaşdırılması məqsədilə 2016-cı ilin 9 ayında  83.2 km kollektor-drenaj sistemi lildən təmizlənmişdir. Hazırda bu işlər davam etdirilir.

Bu dövrdə iri buynuzlu mal-qara  41.2 min baş, xırdabuynuzlu mal-qara   isə  139.4 min baş təşkil etmişdir.

Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  212.9 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı  116.4,  ticarətdə 53.5, tikintidə 19.8, sənayedə 20.6, nəqliyyatda isə 2.2 milyon manat olmuşdur. Doqquz ayda əsas  kapitala yönələn  investisiyalar 21.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 171.9 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2100 manat, orta aylıq əmək haqqı isə  293 manat olmuşdur. Əhalinin gəlirləri 212 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2100 manat təşkil etmişdir.

Rayonda   tikinti,  abadlıq və quruculuq  sahələrində aparılan işlər  davam etdirilmişdir.

Ölkə Prezidentinin  Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi və rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənabları  2016-cı ilin sentyabr ayının 3-də rayonumuza səfər edərək rayonumuz üçün xüsusi önəm daşıyan bu tikililərin açılışını etdi.

Biləsuvar şəhərinin   Nizami,  Molla Hüseyn, Xəqani,  S.Vurğun, Cəlilabad küçələrində və  Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8.6 km məsafədə asfalt-beton örtüklü yol tikilmişdir.

Rayon Elektrik şəbəkəsinin inzibati binası, Səmədabad kəndində Heydər Əliyev parkı tikilmiş, Əsgərabad kəndində  480 yerlik tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbələrinin inzibati  binalarının tikintisində son tamamlama işləri aparılır.

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarının təmiri ilə  bağlı hazırlıq işləri aparılır.Yaxın günlərdə təmir işlərinə başlanılacaqdır.

Rayonda  əhalinin təbii qazla təmin edilməsi istiqamətində  əsaslı  işlər görülərək  bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.

Rayonun elektrik təsərrüfatını yaxşılaşdırmaq məqsədilə  şəhər mərkəzində və kəndlərdə 53688 metr  SİP kabel çəkilmiş, 24 ədəd yeni müxtəlif kva-luq elektrk transformatorları quraşdırılmış,10 ədəd müxtəlif kva-luq elektrik transformatları cari təmir edilmiş, 677 ədəd metal  və 1721 ədəd beton elektrik dirəyi quraşdırılmış, 36.4 km  elektrik naqili ilə  hava verlişi xətləri çəkilmiş və 472 ədəd izolyator yenisi ilə əvəz olunmuşdur.

Bəydili və Çinarlı-Aranlı  kəndlərində yeni elektron ATS-lər quraşdırılmış, kənddaxili kabel və rabitə xətləri yenilənmiş,hər iki kənd rayon mərkəzinə fibroptik  xətlə əlaqələndirilmişdir.Bəydili kəndində əhalinin təlabatını nəzərə alaraq ATS-də əlavə 100 nömrə artırılmışdır.

Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Bu il orta məktəbləri bitirən məzunlardan 221 nəfəri ali məktəblərə qəbul olunmuşlar.Qəbul imtahanlarında 22 nəfər 600-dən, 54 nəfər isə 500-dən çox bal toplamağa müvəffəq olmuşlar. Azərbaycan Respublikası Prezidentinin  tapşırığına əsasən 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi işləri başa çatdırılmışdır.Ötən dövr ərzində 99031 nəfər rayon əhalisinin 81183  nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 82 faizini təşkil edir. Rayonumuzda  əhalinin   üçdə bir hissəsini təşkil  edən  gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi də hesabat dövründə  ən çox diqqət yetirilən  sahələrdən biri  olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin  təşəbbüsü ilə  keçirilən  bir sıra tədbirlər  gənclər və yeniyetmələr tərəfindən  razılıqla qarşılanmışdır.

2016-cı ili xalqımız üçün əlamətdar edən ən mühüm hadisələrdən biri də     sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında    keçirilən referendum idi. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti, 85.1 faizi, Prezident İlham Əliyevin peşəkar və uzaqgörən siyasəti ilə ölkənin bundan sonra da yeni zirvələr fəth edəcəyinə böyük əminlik nümayiş etdirərək Konstitusiyaya dəyişikliklərə  “hə” dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisi idi.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışını Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında  söylədiyi fikirlərlə sonlandırdı: “Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik.”Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2016-cı ili  layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”

Hesabat iclasında Rayon Kənd Təsərrüfatı idarəsinin  rəisi Rafael Quliyev, Biləsuvar rayon  Suvarma Sistemləri idarəsinin  baş mühəndisi Tehrac  Eyvazov, “MKT-İK” MMC-nin direktoru Qulamhüseyn Əliyev, “CTS-Aqro” MMC-nin direktoru  Vaqif  Muradov, Nəsimi kəndindən pambıqçı Əlisa Alışanov və  Amankənd  kəndindən pambıqçı  Elşən Hüseynov   çıxış edərək görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Tədbirin sonunda Rayon İcra hakimiyyətinin başçısı cənab Mahir Quliyev  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il   tarixli 2131 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mürsəlov  Mübariz  Mürsəl  oğluna    medalını və vəsiqəsini,  rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə  rayon Kommunal Müəssisələri Kombinatının direktoru Ağayeva Xalidə Böyükxan qızına isə rayon İcra Hakimiyyətinin Fəxri fərmanını  təqdim etdi.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə