Beynəlxalq Bankdan kimə, nə qədər kredit verildiyi açıqlandı – MƏHKƏMƏDƏN
Beynəlxalq Bankdan kimə, nə qədər kredit verildiyi açıqlandı – MƏHKƏMƏDƏN
29 Avqust 2016 / 18:43 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4
Bizimxeber

Günün ikinci yarısında prosesdə Beynəlxalq Bankın nümayəndəsi Ağalar Ağaşirinov çıxış edib. O, ittiham aktında qeyd edilən 211 milyon manatın Cahangir Hacıyev yox, digər təqsirləndirilənlər tərəfindən mənimsənildiyini iddia edib.

Bankın nümayəndəsi çıxışı zamanı arayış verərək iddia edib ki, 211 milyon manatın 94 milyonu Anar Soltanov, 45 milyon 813 mini İlqar Abdullayev, 16 milyonu Kənan Orucov, 6 milyonu Məmməd Cahangirov, 7 milyon 612 mini Azad Cavadov, 37 milyon 469 min Yusif Ələkbərov, 39 milyon isə İbrahim Hüseynov tərəfindən mənimsənilib.

Hakim Əfqan Hacıyev qeyd edib ki, arayışla bağlı yaranan çoxlu suallar var, ona görə də bu arayış cinayət işi materiallarına əlavə edilsin. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi ilə bağlı qaranlıq qalan əsas məqam iki zərərçəkmişin tanınmasıdır: “Biz məhkəmədən xahiş edirik, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və “Aqrar Kredit” QSC tərəfindən imzalanan çoxtərəfli müqavilərin sürəti və problemli kreditlərlə bağlı sənədlərin sürəti məhkəməyə təqdim edilsin. Bu zaman yaranan suallara aydınlıq gələcək”.

Prosesdə şahid qismində çıxış edən “İnter Security”in əməkdaşı Rasim Fətullayev bildirib ki, bankın Nərimanov filialına gedərək sənədlərə qol çəkib. O deyib ki, bunu şirkət rəhbərliyinin tapşırığı ilə edib və sonradan onun adına 505 min dollar kredit götürüldüyünü öyrənib.

Həmin şirkətin növbə rəisi olmuş Telman Qurbanov deyib ki, şirkət rəhbərliyinin göstərişi ilə ora getib və adına 306 min dollar kredit verilib. O, kreditin 2013-cü ildə ödənildiyini deyib.

Şahid kimi ifadə verən Rauf Şahbazov deyib ki, təqsirləndirilənlərdən Azad Cavadovun işi ilə bağlı 10 nəfərin adına kredit götürülüb. Həmin şəxslər “İnter Security” şirkətinin işçiləri olub. Həmin kreditlər Fındıq Emalı Zavodu üçün götürülüb.

Prokuror bildirib ki, hazırda onun adına olan hesabda 107 min 800 manat pul var.

Rauf Şahbazov deyib ki, nə bu puldan, nə də götürülən kreditdən xəbəri olub.

Şirkətin digər əməkdaşı Əli Həsənov da ifadəsində rəhbərliyin göstərişi ilə banka getdiyini və sənədlərə qol çəkdiyini deyib. O, pul götürmədiyini və adına yazılan məbləğdən xəbərsiz olduğunu deyib.

Prokuror şahid Əli Həsənova indi də adında 352 min manat borc olduğunu deyib. Şahid bundan xəbərsiz olduğunu deyib.

Məhkəmədə ifadə verən şirkətin mühafizəçisi Ruslan Kərimov banka gedib sənədlərə qol çəkdiyini, lakin adına götürülən kreditin məbləğindən xəbərsiz olduğunu bildirib. O deyib ki, yalnız istintaqa ifadə verən zaman adına 450 min dollar kredit götürüldüyündən xəbər tutub.

Məhkəmə proses avqustun 31-də davam edəcək.

**

14:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Cavadovun dindirilməsi davam edib. O, prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevin tələbə yoldaşı olub: “C. Hacıyevin dəvəti ilə Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi çalışmışam”.

O bildirib ki, Fındıq Emalı Zavodu Beynəlxalq Bankın tərkibinə keçəndən sonra orada çalışıb: “Bizdən qabaq zavod bankdan 5 milyon manat kredit alıb, müəssisəni girov qoyub. Krediti ödəyə bilmədiklərindən zavod bankın idarəetməsinə keçib. Bundan sonra bizim idarəetmə dövrümüzdə iki günə 17 milyon kredit götürülüb”.

Azad Cabbarov onu da qeyd edib ki, bundan qabaq da onun barəsində Cinayət Məcəlləsinin 178-ci( dələduz) maddəsi cinayət işi başlanıb. O zaman da ittihamlar kreditlə bağlı olub. Pul ödənildiyindən azadlığa çıxıb.

Prokuror Azad Cavadovdan qayınanasının adına 816 min manat krediti hansı səbəbdən götürdüyünü soruşub.

O, suala cavab olaraq bildirib ki, həmin kredit əvvəl vəkil Akif Məlikovun adına götürülüb: “Akif bir gün gəlib dedi ki, kreditlə soyuducu almaq istəyir. Böyük məbləğ olduğundan ona heç nə vermirdilər. Sonra həmin krediti qayınanamın adına keçirdim”.

Azad Cavadov soyuq və odlu silahla bağlı verilən suallara cavab olaraq bildirib ki, soyuq silah dedikləri xəncər 10 il evində olub: “Onu qayınım Mərkəzi Univermaqdan mənə hədiyyə alıb. Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya soyuq silahdır. Halbuki evdə ondan böyük iki balta var. Odlu silaha gəlincə isə bu, ümumiyyətlə mənlik deyil. Mən dəliyəm silahı orada saxlayım?”.

Daha sonra vəkillərin suallarını cavablandıran A. Cavadov deyib ki, zavodun götürdüyü 60 milyon manat həcmində kredit müəssisənin genişləndirilməsinə sərf edilib. Bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib: “İttiham aktına görə həmin pullardan 6 milyonu mənimsənilib. Burda heç bir mənimsəmədən söhbət gedə bilməz və pul ödənilməsə idi, müəssisənin özü bankın girovunda idi. Müəssisə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib”.

Cahangir Hacıyev onun dediklərini təsdiqləyib.
C. Hacıyev A. Cavadovla tələbə yoldaşı olduğunu, ona güvəndiyini və onun fəaliyyəti dövründə bankın kredit borclarının ödənildiyini deyib: “Azada irəli sürülən 6 milyonluq mənimsəmə ittihamı cəfəngiyyatdır”.

Sabiq bankir silah ittihamının da əsassız olduğunu deyib.

Bununla prosesdə təqsirləndirilən şəxslərin hamısının ifadə verməsi başa çatıb.

Prosesdə şahid qismində “İnter Security” mühafizə şirkətinin 14 əməkdaşı ifadə verib. Şahidlər ifadəsində rəhbərlik tərəfindən banka göndərildiyini və adlarına götürülən kreditlərdən xəbərsiz olduqlarını deyiblər: “Bizə dedilər ki, gedin banka, sənədlər var, ona qol çəkin. Adınıza kredit götürüləcək, siz onu ödəməyəcəksiz. Bizə dedilər ki, pullar bankın inkişafına xidmət edir. O pulların hara getdiyindən, nə olduğundan xəbərsizik”.

Xatırladaq ki, “İnter Security” şirkətinin 18 əməkdaşının adına 16 milyon manat kredit götürülüb.

Proses nahardan sonra davam edəcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə