bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Balaca oğlum “yandım” deyə-deyə ağlayırdı” – 3 uşağın öldüyü partlayışın detalları

2048 oxunma | Tarix: | 2 həftə öncə

Ötən ilin dekabrında 3 azyaşlı uşağın ölümünə səbəb olan Masallıdakı partlayış həmin ərəfədə ictimai müzakirələrə səbəb olmuşdu. Hazırda bu iş üzrə məhkəmə prosesi gedir və ittiham olunan 3 şəxsdən biri, rayon üzrə sahə rəisi İdrak Əsədli ölkədən qaçıb. Mühəndis Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev isə həbsdədir.

“Bizimxeber.az” bu işlə bağlı aparılan istintaq nəticəsində hazırlanmış ittiham aktını əldə edib. Cinayət işi materiallarına görə bu hadisə işə cavabdeh olan şəxslərin laqeydliyi nəticəsində baş verib. İstintaq bu şəxslərin əməlinə daha bir ifadə əlavə edib: “işə vicdansız yanaşma”.

Onlardan ikisinin anası, birinin isə bibisi olan Günel Kərimova hadisədən öncə və sonra baş verənləri öz ifadəsində ətraflı danışıb. O bildirib ki, əri Rusiyada yaşayıb işlədiyi üçün o atasının himayəsindədir və 2015-ci ildə onun üçün ayrı ev tikilib: “Evin ikinci mərtəbəsində yaşayırıq, birinci mərtəbədə hələ təmir işləri gedirdi. Bizim kəndimizə qaz xətləri 2016-cı ildə çəkildi, həmin il dekabr ayında rəsmi açılış oldu. Amma açılışdan sonrakı 2-3 ay ərzində ana qaz xəttindən evlərə qazın çəkilişi davam etdi. Bizim evə qaz 2017-ci ilin aprel ayında çəkildi, evdə kombi quraşdırdıq. Ana qaz xətti bizim evin həyət qapısının qarşısından keçirdi. Boru qapının qarşısında yerin altı ilə çəkilib. 2018-ci ilin sentyabr ayından bəri həyətdə kəskin qaz iyi gəlirdi, boruda sızıntı olduğunu hiss etdim. Bu barədə 13 yaşlı oğlum Əli və qardaşım Rauf dəfələrlə 104 xidmətinə zəng edərək məlumat verib, amma heç bir tədbir görülmədi. Partlayışdan 3-4 gün əvvəl yağış yağandan sonra həyət qapısının qarşısında gölməçə yarandı, bu vaxt qaz sızıntısına görə gölməçələrdə suyun qaynadığını, köpükləndiyini gördüm. Həmin gün də Əli 104-ə zəng etdi, onlar isə Əliyə dedilər ki, atası zəng edib məlumat versin. Əli də atasının Rusiyada olduğunu, ona görə də özünün zəng etdiyini dedi. Dekabrın 8-də, hadisə olan gün səhər qardaşım Rauf bir neçə dəfə qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları gəlib sızıntını aradan qaldırmağa çağırdı. Lakin qəza xidməti texnikaları olmadığı üçün gələ bilməyəcəklərini dedilər.

Axşamüstü təxminən saat 8-in yarısı qonşuluğumuzda yaşayan qardaşım Raufun oğlu Sənan bizə gəlib Əlidən kitab istədi, onlara çay verdim. Özüm isə namaz qılmağa başladım, uşaqlar oynamaq üçün birinci mərtəbəyə düşdülər. Bir neçə dəqiqə sonra güclü partlayış oldu, özümü itirdim, qaça-qaça aşağı düşdüm. Nə olduğunu başa düşmürdüm, bircə balaca oğlum Məhəmmədin səsini eşidirdim, o, otaqda oturub “yandım” deyə-deyə ağlayırdı. Onu qucağıma götürüb çölə çıxdım, əynindən paltarları çıxartdım. Çöldə gördüm Əli qarşımda dayanıb, ondan nə baş verdiyini soruşdum. Əli dedi ki, otağa girib işığı yandıran kimi partlayış olub. Əlinin bütün bədəni, paltarları yanmışdı, o, partlayışın təsirindən pəncərədən həyətə düşmüşdü. Sənan isə partlayışdan sonra yana-yana küçəyə qaçıb qışqırırdı, onun səsinə küçəyə çıxan atası Rauf və digər qardaşım Namiq Sənanı söndürdülər. Namiq uşaqların üçünü də maşınla xəstəxanaya (Masallı rayon Mərkəzi Xəstəxanası) apardı, həmin gecə də Bakıya gətirildilər”.

XƏBƏRLƏR:  Aeraport yolunda “Gelandewagen” yanıb kül oldu - Foto+Video

G.Kərimovanın qardaşı Namiq Kərimov deyib ki, uşaqları xəstəxanaya aparandan 40 dəqiqə sonra həkim gəlib: “Mənə partlayış barədə qardaşım İlkin məlumat verdi, tez maşınla Günelgilə getdim. Mən həyətə çatanda gördüm xeyli adam toplaşıb. Əli ilə Məhəmmədi prostinaya büküb maşına qoydum və xəstəxanay apardım. Yolda olarkən 103-ə zəng edib hazırlıqlı olmalarını, yanıq xəsarətləri ilə iki uşaq gətirdiyimi dedim. Mən uşaqları xəstəxanaya yerləşdirdikdən 40 dəqiqə sonra növbətçi həkim xəstəxanaya gəldi. Həmin vaxta qədər uşaqlara heç bir tibbi yardım göstərilmədi. Bir qədər sonra Sənanı da ora gətirdilər. Növbətçi həkim gəldikdən sonra tibb işçiləri mənə dedilər ki, xəstəxanada bint yoxdur, məni bint almaq üçün göndərdilər. Bint alıb tibb işçilərinə verdim, ondan sonra həkim dedi uşaqların vəziyyəti pisdir. Buna görə də hər üç uşağı Bakıya apardıq”.

XƏBƏRLƏR:  Bakıda küçədə qadının başının kəsilməsi ilə bağlı TƏFƏRRÜATLAR məlum olub

İstintaq həkimlərin və xəstəxana işçilərinin bu əməlləri ilə bağlı hər hansı araşdırma aparmayıb”.

Qeyd edək ki, hadisədən sonra hər 3 uşaq ölüb.

Bu işdə təqsirləndirilən Ə.Əhədovun ailəsi bir neçə gün öncə “Qafqazinfo”ya müraciət edərək həmin şəxsin günahsız olduğunu, şikayətlər olan dövrdə onun məzuniyyətdə olduğunu bildirib. Ə.Əhədovun oğlu Anar Əhədov deyib ki, atası sadəcə rəis İdrak Əsədlidən aldığı tapşırığı çilingər Məhəmməd Nuriyevə ötürüb və atasının bu işlə bağlı hər hansı bir səlahiyyəti olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir