“Baker & McKenzie” Əbülfəs Qarayevin qərarını qınadı
“Baker & McKenzie” Əbülfəs Qarayevin qərarını qınadı
22 Sentyabr 2016 / 15:40 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vətən kino sənayesi, daha dəqiq desək, mədəniyyətin bu sahəsinin son halqası – kinoprokat barədə ötən yazılarında virtualaz.org bu, çəkinmədən demək olar ki, tənəzzülün səbəblərini analiz etmişdi. Əgər bu iddianın əleyhdarları varsa, Bakının kino zallarında son dövrlərdə baxa bildikləri dünya kinematoqrafının son şedevrlərindən birinin adını çəksinlər.

Ola bilsin ki, Azərbaycanda bir-iki premyera olub, lakin birincisi, dünya üzrə nümayişdən xeyli gecikmə ilə, ikincisi isə, çox məhdud sayda kinoteatrda ki, burada da biletin qiyməti az qala təyyarə ilə xarici ölkəyə uçmağa bərabər səviyyədə olub. Ən əsası isə, Azərbaycan dilinə iyrənc dublyajın, yaxud da qısa və o qədər də savadlı olmayan subtitrlərin müşayiəti ilə.

Fəqət bu sahəyə əsas gəliri məhz səs-küylü premyera nümayişləri gətirir. Hələliksə, prokatçılar o qədər də tələbkar olmayan və əhalinin ümumi mədəniyyət səviyyəsinə heç də yaxşı təsir göstərməyən gənc tamaşaçıları toplayan bir neçə qərb döyüş filmi və qorxulu filmlərlə, bir də türk melodramları ilə kifayətlənirlər. Hərçənd, bu filmlərlə belə kino zalları o qədər də yaxşı qazanmırlar, çünki gəlirlərin böyük hissəsi tərcüməyə sərf olunur.

Kino sənayemizdə bu vəziyyət Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanın dövlət dili haqqında” Qanunun hər bir müddəasını formal olaraq qəbul edərək, yerli kinoteatrlarda nümayiş etdirilən bütün filmlərin Azərbaycan dilinə tərcümə edilməsi və tərcümə işini filmi nümayiş etdirən şirkətlərin etməli olması ilə bağlı qərar qəbul etdikdən sonra yaranıb. Mədəniyyət nazirliyinin tələblərinə riayət edilməyəcəyi təqdirdə kino qurumu cərimə olunur, yaxud da ümumiyyətlə, bağlanır.

Demək lazımdır ki, saytımızda qaldırılmış problem həm kino prokatçılarında, həm də sıravi tamaşaçılarda canlı maraq doğurub. Biznesdə məşğul əksər sahibkarlar əmindirlər ki, bu qaydaların birmənalı olaraq tətbiqi ölkədə kino sənayesini məhv edəcək.

Bu işlə peşəkar səviyyədə məşğul ola biləcək kino rejissorlarının dediklərinə görə, dublyaj əmək və vəsait tələb edən işdir. Bilavasitə icraçılar üçün deyil, sifarişçilər üçün məsrəfli. Səsyazmaya cəlb oluna biləcək, məsələn, aktyorlar üçün də bu elə də sərfəli iş deyil. Elə həmin rejissorların sözlərinə görə, bu gün bizdə o qədər də ulduz yoxdur ki, onların səsini eşitmək üçün insanlar kinoteatra getsin. Hələ onu demirik ki, hətta ən məşhur aktyorlar belə səsləndirmənin öhdəsindən elə də asan gəlmirlər. Mikrofonun qarşısında 8 saat yalnız tək-tük adamlar duruş gətirə bilirlər. Bəziləri şıltaqlıq edir, digərlərinin isə daha vacib işləri var. Bundan başqa, dublyaj aktyorluğu öyrənilməli zəruri olan ayrıca ixtisasdır. Dublyorların təbirincə desək, səsləndirmə zamanı yalnız diktor nitqi ilə mətni oxumaq deyil, məsələn, əgər qəhrəman qaçırsa, yerində qaçışı təqlid etmək, əyilib-büzülmək, müxtəlif səslər çıxarmaq lazımdır ki, bu da hamıda alınmır.

Rusiya kino sənayesinin təcrübəsi və keyfiyyətli texnikası, orijinala maksimal dərəcədə yaxın səslərin seçimini həyata keçirmək üçün iri aktyor bazası varsa, bizdə bunlar problemdir. Məsələn, gənclər üçün komediyalar orijinalda zarafatyana ifadələrlə zəngindir ki, bunları Azərbaycan dilinə çevirəndə, ən azı gülünc alınır. “Cinema distribution” şirkətinin direktoru Faiq Kazımovun sözlərinə görə, əsas problem son nəhayətdə heç ondan da ibarət deyil ki, bütün filmlər dublyaj edilməli və ya Azərbaycan dilində subtitrlərlə təqdim olunmalıdır, əsas problem ondadır ki, filmlərin orijinal dilində yayımlanmasına qoyulan qadağa onlarla kino əsərinin kinoteatrlarımıza gəlişini əngəlləyir ki, bu da piratçılığın çiçəklənməsinə gətirib çıxaracaq.

Ölkənin aparıcı kino distribyutoru virtualaz.org-a bildirib ki, prokatçılar heç də dublyajdan və ya Azərbaycan dilində subtitrlərin yaradılmasından boyun qaçırmırlar, sadəcə olaraq, hər şey maliyyəyə bağlıdır, çünki bir filmin səsləndirilməsinə azı 20 min dollar tələb olunur. Mədəniyyət nazirliyi isə kinofilmlərin hüquq sahiblərini pulu öz ciblərindən xərcləməyə vadar edir.

Virtualaz.org-un xahişi ilə məşhur beynəlxalq hüquq şirkəti olan “Baker & McKenzie”nin mütəxəssisləri yaranmış vəziyyəti şərh ediblər. Hüquqşünasların fikrincə, Azərbaycan Respublikasının qanunvericiliyi heç də filmlərin yalnız Azərbaycan dilində nümayiş etdirilməsini tələb etmir. Onların bildirdiyinə əsasən, Konstitusiyanın 21-ci maddəsinə görə, ölkənin rəsmi dili Azərbaycan dilidir, lakin elə həmin maddənin 2-ci bəndində deyilir ki, dövlət Azərbaycanda xarici dillərin istifadəsinə və tətbiq dairəsinin inkişafına zəmanət verir. Həmçinin rus dilinin. Bundan əlavə, Nazirlər Kabinetinin 165 saylı sərəncamına əsasən, kinoteatrlarda filmlərin translyasiyası/nümayişi üçün filmlərin rəsmi dilə çevrilməsi məcburi deyil.

Beləliklə, xarici dildə filmlər nümayiş etdirilərkən kinoprokat Azərbaycan Konstitusiyasının 21-ci maddəsini və dövlət dilinə aidiyyatı olan digər qanunvericilik aktlarını pozmur.

Dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Baker & McKenzie” Mədəniyyət və Turizm Nazirliyinin qərarının qanuniliyini şübhə altına alır.

Yerli kino bazarının, ən əsası isə, xarici yeniliklərlə tanış olmaq istəyən kino tamaşaçısının qarşısında bu qədər sədd çəkmək nəyə lazımdır? Distribyutor şirkətlərini müflisləşdirmək kimə sərfəlidir? Əslində, bu dəqiqə baş verən məhz budur, belə ki, keyfiyyətli dublyaj həmin şirkətlər üçün çox ağır məbləğlərə başa gəlir.

Tərcüməçilərin, aktyorların, səs rejissorlarının işi, sonradan peşəkarların yazının bütün səslərini bir cığıra sala bilməsi üçün onun Qərbə göndərilməsi – bütün bu xərclər prokatçıların büdcəsini sıfıra endirir ki, bu da biletlərin qiymətində faciəvi şəkildə əksini tapır. Əgər bizim kino distribyutorlarının filmləri əldə etdikləri Rusiyada filmin minlərlə surəti çıxarılırsa və bununla da, keyfiyyətli dublyaja çəkilən xərclər ödənilirsə, bizdə lazım olan surətləri bir əlin barmaqları ilə sayıb bitirmək mümkündür. Başqa sözlə, kinoteatrlar bu xərcləri qarşılamaq iqtidarında deyillər və bağlanacaqlar.

Bu mövqeyin əleyhdarları deyə bilərlər ki, bəs subtitrlər? Axı onlar daha ucuz başa gəlir. İnanın, yerli tamaşaçı, bütün dünyada olduğu kimi, subtitrləri olan filmə baxmağa can atmır. Alt yazıları (subtitrləri) oxumaq elə də asan iş deyil və adi danışıq dilinə öyrənmiş tamaşaçı belə narahatlıqla, olsa-olsa, kinofestivallarda nümayiş etdirilən filmlərin xatirinə razı olar. Bundan başqa, kadrda işarələrin sayında və onların nümayiş etdirilmə müddətində məhdudiyyətlər mövcuddur. Buna görə də, subtitrlərlə tərcümə qısa və istənilən halda qeyri-dəqiq olur.

Ümumiyyətlə, dünya praktikasında subtitrlərdən yalnız qənaət xatirinə məhdud prokat zamanı istifadə edilir. Çox vaxt belə nümayiş zamanı subtitrlər üçün film tam tərcümə olunmur – yalnız subtitrlər özləri tərcümə edilir ki, onların da orijinalı istehsalçı tərəfindən universal ingilis dilində hazırlanır.

Aydın məsələdir ki, xarici kino istehsalçıları Azərbaycan tamaşaçısının maraqlarını nəzərə almır, acınacaqlı olan odur ki, bunu yerli mədəniyyət məmurları da nəzərə almırlar. Onlar nəyə görəsə qərar veriblər ki, tamaşaçını arzuladığı hər hansı dildə kinoya, yaxud televizora baxmaq imkanından məhrum etmək hüququna malikdirlər. Bu, elementar insan hüquqlarının pozulmasıdır! Əgər biz istəyiriksə ki, Azərbaycan sivil, kübar dövlət kimi inkişaf etsin, öz vətəndaşlarının hüquqlarına, iradəsinə və azadlıqlarına hörmətlə yanaşmağı öyrənmək lazımdır.

Ən nəhayətdə, azərbaycandilli nazirdən daha çox rusdilli məmur olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mövqeyi təəccüb və təəssüf doğurur. Doğrudanmı, nazir özü kinoteatra gedib Azərbaycan dilinə pis dublyaj olunmuş filmlərə baxar? Bakı sakinlərinin böyük hissəsi üçün doğma olan rus dilinə bu nə münasibətdir? Aydın deyilmi ki, bu cür yanaşma yenicə yaranmağa başlayan Azərbaycan kino sənayesini dəfn edəcək, güclə dolanan kinoteatrları və milli kinoprokatı məhv edəcək? Bu yaramaz qərarın məqsədəuyğunluğu və legitimliyi barədə düşünmək vaxtıdır…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə