Bəstəkar Oqtay Zülfüqarov ikinci Fəxri Xiyabanda dəfn edildi
Bəstəkar Oqtay Zülfüqarov ikinci Fəxri Xiyabanda dəfn edildi
31 Avqust 2016 / 16:00 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Zülfüqarov ikinci Fəxri Xiyabanda dəfn edilib.

Dəfn mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, bəstəkarlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, 87 yaşlı bəstəkar avqustun 31-də səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxuyub, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və ‘‘Meşə nağılı‘‘ operalarını da yazıb. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

2010-2012 illərdə O.Zülfüqarov ‘‘MəlikMəmməd‘‘ nağılı əsasında uşaqlar üçün ‘‘Sehrli alma‘‘ iki hissəli balet, ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb.

Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlayıb.

Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar ‘‘Oxuyur Aysel‘‘ adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülüb, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilib. Prezident təqaüdçüsü olan bəstəkar Oqtay Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri idi.

Allah rəhmət eləsin!

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə