Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanda Aİ-92 markalı benzin çatışmazlığı yarana bilərmi? (RƏY)

2021 oxunma | Tarix: | 1 ay öncə

Azərbaycanda avtomobil benzininə tələbat ilbəil artmaqdadır. Bu artım 2017-ci ildən davamlı xarakter alıb. Belə ki, 2017-ci ildə ölkədə 1 287,4 min ton avtomobil benzini istehlak edilib ki, bu da 2016-cı ildən 1,8% çoxdur. 2018-ci ildə ölkədə avtomobil benzini istehlakı 2017-ci ildən 0,7% artaraq 1296,6 min ton təşkil edib.Bu ilin yanvar-iyun aylarında isə ölkədə 646,4 min ton avtomobil benzini istehlak olunub ki, bu da ötən ilin müvafiq dövründən 4,2% çoxdur.

Azərbaycanda ən çox istehlak edilən benzin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilən Aİ-92 markalı benzindir. Lakin oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın 24-dək davam etməsi gözlənilir.
Bu halda ölkədaxili tələbatın necə ödəniləcəyi ilə bağlı sual yaranır. Ölkədə Aİ-92 markalı benzin qıtlığı yarana bilərmi?
Məsələni “Finans.az”a şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, zavodda aparılan cari təmir-sazlama işləri ilə əlaqədar qısamüddətli istehsal dayandırılsa da ölkədə yanacaq qıtlığı yarana bilməz:
“Bir neçə həftə müddətində davam edən təmir zamanı ölkə daxilində yanacaq təminatını sabit saxlamaq üçün ehtiyat fonddan istifadə olunur, lazım gəldikdə isə idxal edilir. Azərbaycanda olduğu kimi digər ölkələrdə də belə təcrübə mövcuddur. Neft emalı zavodları öz emal güclərini 30-40% ixtisar etdikdə, yenidənqurma, texniki baxışla bağlı işlər görüldükdə xaricdən idxal həyata keçirilir. Bu da qısa müddəti əhatə edir”.
“Zavodda təmir işləri başa çatana kimi lazım olan tədarük həcmləri kənardan alına bilər”
Ekspert ölkədə ən çox istehlak edilən benzinin idxalı üçün dövlətin də dəstək göstərdiyini, Nazirlər Kabinetinin 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirdiyini xatırladıb.
O qeyd edib ki, Azərbaycanda Aİ-92 markalı benzinə olan gündəlik tələbat 4 min litrdən, illik tələbat isə 1,250 mln. ton çoxdur. “Neft emalı zavodunun emal gücü imkan verir ki, bu tələbat qarşılansın. Hazırda da texnoloji qurğularda təmir işləri aparılan müddətdə benzinin tədarükü ilə bağlı problem yoxdur. Zavodda təmir işləri başa çatana kimi lazım olan tədarük həcmləri kənardan alına bilər”,- Z.Vəliyev vurğulayıb.
XƏBƏRLƏR:  SOCAR və “Uzbekneftegaz” ticarət əməliyyatları üçün birgə müəssisə yaradacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir