Bu gün 13 ay cəza verildi, 23 günə azadlığa çıxacaq

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən N.Əkbərovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub. Həmçinin eyni məcəllənin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək müttəhim Əkbərova 1 il 1 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin müddət barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanır. Müttəhim 23 gün sonra azadlığa buraxılacaq. 

Prokuror ona 5 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, "Nicat Lənkəranski” kimi tanınan Əkbərov ötən ilin martında həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi ) maddəsi ilə ittiham irəli sürülmüşdü.