Azərbaycanı hədələyən İŞİD komandirinin kimliyi açıqlandı: “Ailəsi ilə əlaqə saxlayır…”
Azərbaycanı hədələyən İŞİD komandirinin kimliyi açıqlandı: “Ailəsi ilə əlaqə saxlayır…”
23 İyul 2016 / 15:29 / Baxış sayı: 1580
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi bu ilin mayında internetdə özünü “Qafqazlı Abdulla” adlandıran yüksək rütbəli azərbaycanlı İŞİD komandirinin təbliğat xarakterli videoroliki yayılıb. Həmin videorolikdə Azərbaycanın Qusar rayonunun Urva kəndindən olduğunu bildirən İŞİD terrorçusu hakimiyyətin və bir sıra din xadimlərinin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin ünvanına ölüm təhdidləri səsləndirmişdi.

Virtualaz.org xəbər verir ki, “Amerikanın səsi”nin rus xidməti həmin İŞİD komandirinin videoroliki barədə yazır. Məqalədə deyilir ki, “Qafqazlı Abdulla”nın videoroliki internetdən yığışdırılsa da hələ də cihadçıların istifadə etdiyi qapalı forumlarda və platformalarda qalır. Videorolik İŞİD-in təbliğatına həsr edilib. Ancaq İŞİD-in bundan əvvəl yaydığı təbliğat videolarından fərqlənir. Burada “Qafqazlı Abdulla” əsas diqqəti özünün “həyat yoluna” yönəldib. 

Kadrlarda onun Suriyada necə döyüşdüyü, qurbanlarına necə əzab verdiyi, İŞİD-in iyerarxiyasında mühüm fiqur olduğu əks edilir. Diqqətlə seçilmiş kadrlarda İŞİD terrorçusu bu mesajı verməyə çalışır: “Vətəndə mən heç kim idim, indi isə yüksək rütbəli hərbi komandirəm”. Viderolikdə “Qafqazlı Abdulla” azərbaycan dilində danışır, videoroliki rus dilində subtirlər müşaiyət edir. Arada İŞİD-çi doğma dili olan ləzgi dilinə də keçir.

“Amerikanın səsi”nin əməkdaşı Fatima Tlisova “Abdulla Qafqazlı”nın doğulduğu Urva kəndinin icra hakimiyyəti nümayəndəsi Sevləddin İsgəndərovla əlaqə saxlayıb. O, deyib ki, videoya kənddə hamı baxıb.“Bizdə hamı bu video haqda bilir”-kənd icra nümayəndəsi deyib.

S.İsgəndərov təsdiq edib ki, “Abdulla Qafqazlı” həqiqətən Urva sakinidir.“Bəli, mən bu adamı tanıyıram. Onun dı Xasıyev Yurik Gülmirzəoğludur. Xasıyev  Urva kəndində doğulub, böyüyüb və Suriyaya gedənə qədər kəndi cəmi bir dəfə tərk edib-Azərbaycan ordusunda xidmət etməyə gedəndə”-kənd icra nümayəndəsi bildirib.

“Onunla bağlı problemlər hələ Suriyaya getməzdən əvvəl var idi: o, həmin kürən saqqalını həmişə saxlayıb və məscidə getməyib-o, vəhabidir”-İsgəndərov əlavə edib. Kənd icra nümayəndəsinin bildirdiyinə görə Urvada cəmi 4 vəhabi var idi və onların hamısı bir neçə il əvvəl Suriyaya gedərək İŞİD-ə qoşulublar. “Hazırda Urvada radikal islam və ekstremizm problemi yoxdur”-o deyib.

Kənd icra nümayəndəsinin bildirdiyinə görə, Xasıyevin qardaşları və bacıları əvvəlki kimi Urvada yaşayır və onun yerini bilirlər. “O, ailəsi ilə təmasları kəsməyib, onlar həmişə internetdən danışırlar. Kənddə hamı onu tanıyır və heç kim, o cümlədən ailəsi indi məşğul olduğu işi bəyənmir”-İsgəndərov deyib.

Məqalədə deyilir ki, İŞİD terrorçusunun hədəsinə cavab olaraq Azərbaycan hakimiyyəti bəyanatla çıxış edərək bu cür təhdidləri ciddi qəbul etmədiyini, ölkədə təhlükəsizliyin təmin olunması üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış Nyu York konsaltinq firması Soufan Group 2014-cü ildə açıqlamışdı ki, Suriyada İŞİD-in tərəfində 216 azərbaycanlı döyüşür. Heritage Foundation isə bu ilin əvvəllərində İŞİD-ə qoşulan azərbaycanlıların sayının 300-dən çox olduğunu bildirib.

Soufan Group-un baş vitse-prezidenti Martin Rirdon “Amerikanın səsi” ilə telefon söhbətində deyib ki, Türkiyə Suriya ilə sərhədə  nəzarəti gücləndirəndən sonra Azərbaycandan cihadçıların axını azalıb. Bununla belə Rirdon əlavə edib ki, İŞİD Suriya və İraqda məğlubiyyətə uğrayanda azərbycanlı yaraqlılar evlərinə qayıdacaqlar və təhlükəsizlik üçün təhdidə çevriləcəklər. “Onlar qayıdacaqlar ki, mübarizəni ev şəraitində davam etdirsinlər”-Martin Rirdon bildirib.

Martin Rirdonun sözlərinə görə, İŞİD-in bir çox regionlarda olduğu kimi Azərbaycanda da hədəfi lokal şəbəkə  yaratmaq yoluyla öz təsirini gücləndirməkdir. “Lakin İŞİD brend kimi çox çəkməyəcək. İnsanlar görəndə ki, xilafət onların görmək istədiyi dövlət deyil, qaçacaqlar. Bununla belə qruplaşmanın ideologiyası uzun müddət təhlükəsizlik üçün təhdid kimi qalacaq”-o deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə