Azərbaycanda turistin xərclədiyi məbləğ
Azərbaycanda turistin xərclədiyi məbləğ
28 İyul 2016 / 12:18 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4
Bizimxeber

Beynəlxalq Turizm Agentliyinin araşdırmalarına görə, 1 turist 1 həftə ərzində 500-1000 dollar arasında vəsait xərcləyir.

Bizimxeber.az  bildirir ki, bu haqda modern.az-a iqtisadçı Natiq Cəfərli məlumat verib.

Ekspert bildirib ki, rəqəm müxtəlif ölkələrdəki qiymət fərqinə, yaşam səviyyəsinə görə dəyişir:
“Avropa ölkələrində xərclər 1000 dollara daha yaxındır. Azərbaycan tipli ölkələrdə isə təxminən 500 dollar civarındadır.

Təbii ki, bu vəsait büdcəyə getmir. Bu birbaşa sahibkarların, ayrı-ayrı xidmət sahələri ilə məşğul olan şəxslərin qazancına müsbət təsir edir. Turistlərdən qazananlar sırasına kafe, restoran işlədənlər, otel sahibləri, taksi xidməti ilə məşğul olan sürücülər daxildir”.

Bizimkilər turist görməyib…

Ekspert Azərbaycanda, hələ ki, kütləvi turizm olmadığını qeyd edib:
“Və yaxın gələcəkdə də Azərbaycanda Avropa ölkələrində, qonşu Gürcüstanda, Türkiyədə gördüyümüz turist sayını görə bilmə ehtimalı, hələ ki, çox aşağıdır.

Hazırda ərəblərin və iranlıların Azərbaycana gəlməsinin iqtisadiyyata pozitiv təsiri müşahidə edilir. Amma əhali turizmə, turistlərlə münasibətə, davranışa öyrəşmədiyi üçün fərqli reaksiyalar verirlər, bundan sonra olması da mümkündür. Hətta məhəlli və kiçik konfliktlərin olması da istisna edilmir.

Amma əhali də başa düşməlidir ki, turistlərin gəlməsi xüsusilə orta və xırda sahibkarlara dəstək olacaq. Çünki kiçik çayxana və yeməkxanalarda çay içən, çörək yeyən turistlərin verdiyi hesab birbaşa onların cibinə təsir göstərir.

1980-ci illərdə Türkiyədə buna bənzər problemlər yaşanmışdı. Televiziyalar sosial çarxlar vasitəsilə əhalini turistlərə öyrəşdirmişdi. Yaxşı olardı ki, Azərbaycan televiziya kanalları boş-boş, bayağı verilişlər əvəzinə sosial çarxlar hazırlasınlar. Yaxud turizmlə bağlı yaxşı dinləmələr və müzakirələr keçirsinlər ki, əhali bu barədə məlumatlansın. Bunun özünün məsələyə çox ciddi və pozitiv təsiri olar”.

“Bizdə dost-tanış turizmi” inkişaf edir…

İqtisadçı Rövşən Ağayev isə Azərbaycana gələn turistlərin sayı ilə bağlı maraqlı statistika açıqlayıb. O, Statistika Komitəsinin məlumatına əsasən bildirib ki, 2015-ci ildə ölkəyə 2 milyon nəfər xarici turist gəlib:

“Onlardan cəmi 24.6%-i (495 min nəfər) mehmanxanalarda (mehmanxana tipli yerlərdə) gecələməyə üstünlük verib. Yerdə qalanların daha çox qohum və dost-tanış evlərində gecələdiyi aydın olur.

Əsas səbəb odur ki, ölkəyə gələnlərin 70%-ə qədəri Rusiya və Gürcüstanda yaşayan azərbaycanlılardır ki, bura gəzmək və istirahətdən daha çox yaxınlarını ziyarət üçün gəlirlər”.
Ekspert deyib ki, bizdə faktiki qohum-dost ziyarəti turizmi daha üstün paya malikdir:

“Və yəqin dünyada bu turizm növünə görə şəriksiz liderik. Türkiyədə turizmlə araşdırma apara “Ekin Grubu”nun tədqiqatına görə, hazırda yaxınları ziyarəti ilə bağlı turistlərin payı dünya üzrə orta hesabla 10-15% intervalındadır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə