“Azərbaycanda tələbə yataqxanası tikiləcək” – Nazir
“Azərbaycanda tələbə yataqxanası tikiləcək” – Nazir
15 Sentyabr 2016 / 10:49 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4
Bizimxeber
“Biz ali təhsil müəssisələrində, xüsusilə böyük şəhərlərdə, ilk növbədə, paytaxtda tələbə yataqxanalarının az olmasını, bir çox universitetlərdə olmamasını müzakirə etmişik”. Bu sözləri “Azərbaycan” qəzetinə müsahibəsində Təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ölkədə 1000 nəfərlik tələbə yataqxanası tikiləcək: “Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə artıq tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək.
Onu da qeyd etmək istəyirəm ki, bu, dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcəkdir. Lakin burada layihənin özəlliyi ondan ibarətdir ki, biz belə bir fəlsəfə və siyasəti həyata keçirəcəyik ki, bir çox ali təhsil müəssisələrinin tələbələri yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, həmçinin ehtiyacı olan digər ali təhsil müəssisələrinin tələbələri müvafiq kvotalara uyğun olaraq, həmin tələbə yataqxanalarında öz tələbələrini yerləşdirmək üçün imkan qazansınlar.
Bu qəbildən olan digər məsələlərdən bir kimi ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrimiz üçün vahid elmi laboratoriyanın, vahid infrastrukturun yaradılması məsələsini nəzərdən keçiririk. Məqsəd ondan ibarətdir ki, ölkəmizin ali təhsil sistemində yetişən tələbələr yalnız öz sahələrində püxtələşmiş mütəxəssis və peşəkar kimi deyil, həmçinin də müasir Azərbaycanın layiqli vətəndaşı kimi öz hüquq və vəzifələrini bilən, vətəninə, öz dövlətinə hörmətlə yanaşan bir gənc və şəxsiyyət kimi yetişdirilsin. Bir daha vurğulamaq istəyirəm ki, bu bizim birgə işimizin nəticəsidir. Əminəm ki, bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Ölkəmizdə bu il iki aparıcı ali təhsil müəssisəsinin yeni filialları fəaliyyətə başlayıb. Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetinin filialı. Bir yeni ali təhsil müəssisəsi- Azərbaycan-Fransız Universiteti yeni tədris ilindən fəaliyyətə başlayır. Bir sıra ali təhsil müəssisələri daxili transformasiya və beləliklə də öz strukturlarının sağlamlaşdırılması prosesini davam etdirirlər. Beləliklə, biz potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik”.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə