Eyni zamanda Azərbaycanda daha bir MMC də var ki, onun da haqqında müəyyən zaman kəsiyində müsbət fikirlər səslənirdi. Ölkənin nəqliyyat sektorunu iflic vəziyyətə salan nəqliyyat naziri Ziya Məmmədovun əlindəki səlahiyyətlərinin alınması yeni-yeni işlək strukturların yaradılmasına zəmin yaratdı. İlk öncə Bakının çox ciddi səs-küy yaradan, böyük bəlaya çevrilən tıxac probleminin aradan qaldırılması üçün avtobus marşrutlarına edilən ciddi dəyişikliklər, paytaxta yeni müasir avtobusların gətirilməsi prosesi həyata keçirildi.
Bu arada hamının hörmətlə qarşıladığı “Bakubus” MMC yaradıldı və yeni sistem quruldu. Daha sonra Nəqliyyat Agentliyi yaradıldı ki, bu da növbəti uğurlu addım üçün idi. Hətta prezident İlham Əliyev də bu MMC-nin fəaliyyəti ilə yaxından tanış oldu, nəzarətə götürdü və fəaliyyəti üçün nə lazımdırsa etməyi tapşırdı. Normal vəziyyət cəmi bir neçə ay davam etdi.
Bəs indi “Bakubus” MMC-də nə baş verir? Bu qurum daxilində baş verənlərə niyə nəzarət olunmur? MMC-nin fəaliyyətinin günü-gündən aşagı düşməsində kimlər maraqlıdır? Bu bilərəkdənmi edilir, yoxsa, burda başqa məqsədlər var?
Mediafax.Az-a daxil olan məlumata görə, “Bakubus” MMC Maliyyə Nazirliyinin balansında fəaliyyət göstərir. Bu quruma sözügedən nazirlikdə Adil adlı şəxs nəzarət edir. Əgər edirsə…
Sayta daxil olan məlumata görə, MMC daxilində ciddi hadisələr baş verir. Belə ki, “Bakubus” MMC-nin direktoru Məlik Nəcəfovun gənc və prespektivli kadr olduğu bildirilsə də, ərtafındakı, daha doğrusu müavini Azər Qasımov adlı şəxsin neqativ fəaliyyəti buna imkan vermir. Bu üzdən də, MMC-yə tam nəzarəti ələ alan Azər Qasımov istədiyini edir. Kimdir Azər Qasımov? Bu şəxs harada çalışıb? Onu “Bakubus”a kim gətirib?
Aldığımız məlumata görə, Azər Qasımov MTN-nin keçmiş işçisi olub və Eldar Mahmudov hadisələri zamanı vəzifədən uzaqlaşdırılıb. Hətta nazirlikdən qovuldugu barədə də məlumatlar var. Məlumatlarda qeyd olunur ki, Azər Qasımov nəqliyyat işini dərindən bilən və MMC-nin yaradılmasında əməyi olan Qiyas adlı müavinin MMC-dən uzaqlaşdırılmasından sonra bu qurumda peyda olub.
Qeyd olunur ki, Qiyas Qasımovun bütün səlahiyyətləri əlindən alınıb və sıxışdırılıb. Buna etiraz edən Qiyas müəllim məcburiyyət qarşısında qalaraq ərizəsini yazıb. Elə bundan sonra da MMC-də əsl müsibət başlayıb.
Məlumatda qeyd olunur ki, indiki müavin Azər Qasımov MMC-ni Eldar Mahmudov qanunları, qaydaları ilə idarə edir. Sürücülər və digər işçilər onun əlindən dad edir.
Bütün bunlar azmış kimi işçilərin hüquqları kobud şəkildə pozulur, əmək məcəlləsinin tələbləri nəzərə alınmır. Yəni, qanunlarla 160 saat iş rejimi olduğu halda işçi 240 saat işlədilir. Bunun da özəl səbəbləri var. Növbələrdə işçi azlığı aylardır davam edir. Bir növbədə 3-4 işçi olmalıdırsa, cəmi bir nəfər bütün işi idarə edir. 3 nəfərin əmək haqqları isə özləri kimi buxarlanır…
MMC-də ancaq öz adamlarını müəyyən postlara yerləşdirən Azər Qasımov direktor olmaq üçün özünə komanda toplayır. Artıq əksər postlara öz yaxın qohumlarını təyin etdirib. Son 10 ayda 200-dən artıq sürücü Azər Qasımovun bezdirici və qanunsuz qayda-qanunlarından bezərək işdən ya uzaqlaşıb, ya da uzaqlaşdırılıb. Heç kimə isə nə kompensasiya ödənilib, nə də səbəb açıqlanıb.
Bu yaxınlarda Azər Qasımov daha bir posta öz adamını təyin etdirib. MMC-nin Qaraj və Təsərrüfat Şöbəsinin müdiri Xəqani Babayev işdən heç bir səbəb olmadan uzaqlaşdırılıb. Onun yerinə isə Qasımovun ən yaxın adamı Mahama Bazarov təyin edilib. Azər Qasımov daha bir yüksək postda öz adamını saxlayır. Bu MMC-nin daxili nəzarət şöbəsinin koordinatoru Cəbrayıl adlı şəxsdir ki, əvvəllər mühafizə polisinin serjantı olub. İndi isə sürücülərə qənim kəsilən bir şöbə müdirinə çevilirib.
Daha bir maraqlı fakt isə əmək haqqlarının heç bir ciddi səbəb olmadan müxtəlif bəhanələr gətirilərək tutulmasıdır ki, bu da ciddi araşdırma tələb edir. Hansı halda işçinin əmək haqqından tutula bilər? Niyə tutulmalıdır? “Bakubus” MMC-də həmkarlar üçün pul tutulur. Amma MMC-də heç kim həmkarların kim olduğunu bilmir. Azər Qasımov MMC-ni öz obyekti kimi idarə edir.
Bir sözlə, “Bakubus” MMC də artıq Nəqliyyat Nazirliyinin gününə düşür. Klanlaşma, öz adamlarını vəzifələrə yerləşdirmə, qanunsuz idarəetmə və insan əməyinin ifrat istifadəsi. Bunların hamsının başında Azər Qasımovun dayandığı deyilir.