Aşurada qan verən rus, mərsiyə deyənlər, dilənənlər, qara ip satanlar…
Aşurada qan verən rus, mərsiyə deyənlər, dilənənlər, qara ip satanlar…
12 Oktyabr 2016 / 16:31 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Təzəpir Məscidində keçirilən Aşura mərasimi ötən illərdəkindən o qədər də fərqlənmirdi. Gözə çarpan əsas fərq əvvəlki illərdə dalğalanan qara bayraqların bu il gözə dəyməməsi idi. Onları hasardan, evlərin eyvanlarından asılan 3 rəngli Azərbaycan bayraqları əvəz edirdi.

Məscidə aid olan və qanvermə aksiyasının keçirildiyi ayrıca binanın girişində isə basabas idi. Yenə də qan vermək üçün insanlar növbəyə düzülmüşdülər. Qan vermək istəyən hər kəs şəxsiyyət vəsiqəsilə daxil olaraq qeydiyyatdan keçir, qanında hemoqlobinin miqdarı yoxlandıqdan sonra qan verirdi. Maraqlı məqamlardan biri qan verənlər arasında əcnəbi vətəndaşların olması idi. Aksiyada iştirak edən Rusiya vətəndaşı Denis Şevçenko ilə həmsöhbət də olduq.

İl ərzində azı iki dəfə qan verdiyini deyən qonağın sözlərinə görə, Bakıda belə bir aksiyanın keçirilməsi onun üçün həm təəccüblü, həm də sevindirici olub.

“Mən ildə iki dəfə qan verirəm. Hansı ölkədə olsam, əgər vaxtı çatdısa, mütləq qan verirəm. Azərbaycana qonaq gəlmişəm. Eşitdim ki, belə bir kampaniya keçirilir. Mən də qoşuldum. Düşünürəm ki, çox xeyirxah işdir, insanlara çox faydası ola bilər”.

Məscidin ətrafında zəncir vurub qan çıxaran da yox idi. Doğrudur, məscidin qarşısındakı meydanda sinə döyüb ağlayanlar, mərsiyə deyənlərin səsi eşidilirdi…

“Qatil gəlib Hüseynin kəsir başın qəfadan,

Məzlum Hüseyn, Hüseyn can, canım Hüseynə qurban…”

Bu ağlaşmada iştirak edib sinə döyənlərin sayı təbii ki, İmam Hüseyn yolunda 200 qram qanlarından keçənlərdən dəfələrlə çox idi.Məscidə gələnlərin imamların ruhuna yasin oxutduqlarını bilən bir qrup molla da elə məscidin pilləkənində öz xidmətlərini təklif edirdi.

Aşura mərasiminə deyəsən dilənçilər də xüsusi hazırlaşmışdı. Məscidin ətrafında onların sayı olduqca çox idi,  aralarında qaraçılar da var idi.  Əskiyə büküb qucağına aldığı körpəsinin ac olduğunu deyib dilənənlər, nəzir qutusu qoyub pul yığanlar, əlil arabasında olan uşaqlarını gəzdirərək pul istəyənlər, özünün xəstə olduğunu deyib əl açanlardan başqa qara ip təklif edib əvəzində pul istəyənlər də gözə dəyirdi. Belələri əllərində qara ip gəzdirərək gəlib-gedənə təklif edirdilər. Bu qara ipin xüsusi haqqı yox idi, yəni “nə verərsən, verərsən”.

Dilənçilər arasında qaraçılar yenə əksəriyyət təşkil edirdilər. Öz aralarında fərqli dildə danışan, balaca uşaqlarını da bu işə cəlb edənlərin əksəriyyəti qadınlar idi.

Söhbət uşaqlardan düşmüşkən, builki Aşura mərasimində diqqət çəkən məqamlardan biri də məscidin həyətində yenə də azyaşlıların olması idi. İş günü olmasına baxmayaraq bu balacalar məktəbə deyil, məscidə üz tutmuşdular. Nə baş verdiyini anlamayan balacalar böyüklərinə baxaraq onların hərəkətlərini təkrarlayırdılar. Hətta aralarında dili söz tutmasa da çətinliklə “Ya Hüseyn” deyərək yumruğunu düyünləyib havaya qaldıranlar da var idi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə