Aşura günü necə keçirilməlidir? -Narahatlığın səbəbləri
Aşura günü necə keçirilməlidir? -Narahatlığın səbəbləri
05 Oktyabr 2016 / 14:37 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Lənkəran şəhərində oktyabrın 3-də “Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfrans keçirildi. Həmin konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə dedi ki, Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun deyil: “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzi Aşura ilə bağlı şərhində bildirib.

Məqalədə qeyd olunub ki, Şeyxülislam Məhərrəm ayı ilə bağlı dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcəyini bildirib: “Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək”.

Allahşükür Paşazadədən sonra konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxış etdi. Onun çıxışında bir cümlə diqqəti çəkdi: “Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini-əxlaqi məsələlərə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir”.Mübariz Qurbanlının “xarici qüvvələr mərasimlərimizə yad elementləri əlavə edirlər” dedikdə böyük ehtimalla İranı nəzərdə tutub. Çünki, məhz İrana bağlı qüvvələr Azərbaycanda Aşurə günü varlıqlarını göstərməyə çalışırlar.

Məqalədə vurğulanır ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin konfransı Lənkəranda keçirməsi təsadüfi deyildi: “Məhz Lənkəranda keçən il Aşurə günündə on minlərlə insan mərkəzi küçələrdə yürüş etdilər. İnternetdə yayılan kadrlar cəmiyyətdə müxtəlif müzakirələrə səbəb oldu. Həmin küçə yürüşü hakimiyyəti də ciddi narahat etdi. Ona görə də hakimiyyət eyni hadisənin təkrarlanmasını istəmir”.

Hakimiyyətin narahatlığının iki səbəbi var:

Birinci səbəb- “Azərbaycan prezidenti multikulturalizm siyasətinə böyük əhəmiyyət verir, bu məqsədlə Bakıda və xarici ölkələrdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bununla prezident indiki qarışıq dünyada Azərbaycanın dini və iqri dözümlülük adası olduğu görüntüsünü gücləndirmək istəyir. Ancaq Aşurə günü küçə yürüşləri və bu zaman zəncir vurma halları prezidentin siyasətinə tərs düşür. Ona görə də hakimiyyət Aşurə günündə dini mərasimlərin məscidlərdən kənara çıxmasını istəmir. Həmin gün nə küçə yürüşlər olmalı, nə də məscidlərdə qara bayraqlar asılmalıdır. Belə görünür ki, məscidlərin içinə müdaxilə olmasa da, polis küçə yürüşlərinin qarşısını almağa çalışacaq. Xəbərdarlıq edilib və deməli bundan nəticə çıxarılmalıdır”.

İkinci səbəb – “Aşurə günündə məscidlərdən kənar dini fəallıq Azərbaycanda dinin siyasətə sirayət etməsi görüntüsünü də gücləndirir. Hakimiyyət və cəmiyyətin əksər hissəsi bunun əleyhinədir. Bu Azərbaycanın dünyəvi dövlət quruluşuna ziddir. Son zamanlar müxalifətin keçirdiyi mitinqlərdə islam elementinin güclənməsi də hakimiyyətin narahatlığını bir az daha artırır. Hakimiyyət bu səbəbdən də Aşurə günündə küçə yürüşlərini qadağan etmək istəyir. Çünki bir anda yürüşün məqsədi dəyişə və fərqli şüarlar səsləndirilə bilər ki, bu da gərginliyi artırar”.

Azərbaycanda bir neçə il əvvəl Aşurə günü İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu təşəbbüsü ilə qanvermə aksiyası keçirildi: “Sonrakı illər bu təşəbbüsə Qafqaz Müsəlmanları İdarəsi də qoşuldu və Aşurə günü qanvermə aksiyasi Azərbaycanın bütün məscidlərində həyata keçirilməyə başlandı.Bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, Aşurə gününü qeyd edən bütün müsəlman ölkələr üçün müsbət yenlik idi. Aşürə günü küçə yürüşləri və bədənə zəncirvurma əvəzinə insanların qanvermə aksiyalarına qoşulmaları Azərbaycandakı multikulturalizmə və dini tolerantlığa da xidmət edir. Çünki Aşurə günü məscidlərdə yığılan qan müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçündür və bu insanlar arasında Azərbaycanda yaşayan bütün millətlərin və fərqli dinlərin nümayəndələri var”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə