Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası baş tutdu
Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası baş tutdu
31 Oktyabr 2016 / 15:46 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

2016-cı il oktyabr ayının 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olmuşdur. A.Lindqren eyni zamanda “Damda yaşayan Karlsson”, “Lönneberqalı Emil”, “Madiken”, “Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir.

İlk dəfə azərbaycan dilində nümayiş olunan “Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azercell şirkətinin birgə layihəsinin məhsuludur.

Sözügedən teatr layihəsi bu ilin əvvəlində Səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət 9 ədəd uşaq kitabı azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Balaca və damda yaşayan Karlsson” tamaşası istisna olmaqla, demək olar ki, bu layihəyə qədər Astrid Lindqrenin əsərləri azərbaycan dilində mövcud deyildi.

Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, səfirlik İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb etmişdir. Azercellin pay sahiblərindən olan Telia şirkətinin maliyyə dəstəyi ilə Ronny Danielsson iki dəfə Bakıya səfər etmiş, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə görüşüb, “Uzuncorab Pippi” əsərinin məşqlərində yaxından iştirak etmişdir.

Layihə tərəfdaşları Astrid Lindqren yaradıcılığını geniş Azərbaycan auditoriyasına təqdim etməklə hər bir uşağın cəmiyyət üçün əhəmiyyəti və onun kamil bir şəxsiyyət kimi formalaşmasının vacibliyini diqqətə çatdırır. Doğrudan da, uşaqlar istər Azərbaycan, istər İsveç, eləcə də digər ölkə vətəndaşlarının həyatında ən böyük sevincdir və Astrid Lindqren öz yaradıcılığında uşaqların orijinal yaradıcılıq qabiliyyətini ən yüksək səviyyədə təsvir edir.

Səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində addımlar atmaqdadır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

“Uzuncorab Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bədii şurasının qərarı ilə teatrın repertuarına daxil edilmiş və 2016-cı il oktyabr ayından etibarən noyabr ayındakı orta məktəb tətili də daxil olmaqla iki həftədən bir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaqdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə