Araz Ağalarovdan ŞOK açıqlama – “Özümü maliyyələşdirə bilmirəm, Trampa verməyə pulum var?”
Araz Ağalarovdan ŞOK açıqlama – “Özümü maliyyələşdirə bilmirəm, Trampa verməyə pulum var?”
10 Noyabr 2016 / 12:27 / Baxış sayı: 1150
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da prezident seçkilərinin qalibi Donald Trampın Rusiya ilə əlaqələri, Kremlə yaxın oliqarxlarla münasibətləri seçki kampaniyası dövründə ona qarşı istifadə edilən əsas kompromatlardan biri idi. Məlum olduğu kimi Donald Tramp 2013-cü ildə sahibi olduğu “Dünya Gözəli” müsabiqəsini azərbaycanlı iş adamları Araz Ağalarov və oğlu Emin Ağalarovun təşkilatçılığı ilə Moskvada keçirib. Həmin vaxt onlar birgə tikinti biznesini də müzakirə ediblər, ancaq sonradan bu məsələ gündəmə gəlməyib. Ancaq Ağalarovlar Nyu Yorkda, Donald Trampın evində onun qonağı olublar.

İndi Donald Trampın seçilməsindən məmnun olanlardan biri də heç şübhəsiz ki, Araz Ağalarovdur.

Biznesmen Rusiya KİV-lərinə müsahibələr verərək Amerikadakı seçkilərin nəticələrini şərh edib, Trampın necə adam olmasından danışıb.

“Mən inanmırdım ki, o seçkiləri uda biləcək. Çünki hamı ona qarşı birləşmişdi. Yəqin Amerika Rusiyanın aramsız olaraq düşmən obrazında təsvir olunmasından yoruldu və Trampa səs verdi. Sonra onlar onu həddən artıq “çmorit” eləməyə başlamışdılar, ədəbi dildə deməsək…Mən hesab edirəm ki, bunun da müəyyən rolu oldu. Yəni onlar onu dəyənəklə çox qovdular və nəticədə elektorat etirazını bu cür bildirdi”-Araz Ağalarov “Komsomolskaya Pravda”ya müsahibəsində deyib.

“Sual ciddi görünməyə bilər. Ancaq o doğrudurmu ki, milyarder Araz Ağalarov Trampı maliyyələşdirib?

Axı Hillari Klintonun tərəfdarları iddia edirdilər ki, siz kömək etmişiniz…”-jurnalist soruşub.

“Mən heç özümü maliyyələşdirə bilmirəm, Birləşmiş Ştatlar prezidentini maliyyələşdirəcəyəm? Biz hazırda elə böhrandayıq ki, ABŞ prezidentinin hayında deyilik, üzləşdiyimiz bu iqtisadi situasiyadan özümüz hansısa yolla çıxmalıyıq”-milyarder cavabında bildirib.

Azərbaycanlı iş adamı deyib ki, o, Trampın prezidentliyi dövründə Rusiya ilə münasibətlərin yaxşılaşacağını gözləyir. Lakin nəzər almaq lazımdır ki, ABŞ-da bunu istəməyənlərin böyük ordusu da var.

Araz Ağalarov Trampın xarakteri, qadınlara münasibəti və s. qalmaqallı məsələlərə də münasibət bildirib. “Mənim fikrimcə əgər kişi qadınlara tamah salırsa deməli əsl kişidir. Bu, birincisi. Daha betər olardı ki, o, kişilərə tamah salsın (gülür). İkincisi, deyirlər ki, o, yalançıdır, sözünü tutmur. Əgər biznesdə sən sözünü tutmasan heç nəyə nail ola bilməzsən. Siyasət isə biznesdir. Tramp iki dəfə müflis olub. Əgər adam bu vəziyyətdən çıxa bilibsə deməli yaxşı danışıq apara bilir. Yəni kompromislər tapa bilir. İstənilən siyasət isə kompromislər üzərində qurulub”-Ağalarov deyir.

Biznesmen onu da bildirib ki, 2013-cü ildə Tramp Moskvada bir həftə oldu, ancaq Kremldən heç kimlə görüşmədi. Ağalarov deyib ki, seçkilərdə qələbə münasibətilə Trampı təbrik edəcək, ancaq telefonla yox. “Bilirsiniz, ABŞ prezidentinə zəng vurmaq sadə məsələ deyil, məktub, teleqram isə göndərəcəm”-o deyib. Biznesmen Trampın telefon nömrəsini jurnalistə verməyib. Deyib ki, bu yaxşı çıxmazdı.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə