bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Aqil Abbas: “Dedi, stadionda eşşək otaracam, sonra?” – Müsahibə

1621 oxunma | Tarix: | 2 həftə öncə

“SportMən”in ilk müsahibi millət vəkili Aqil Abbasdır:

– Futbolla maraqlandığınızı bilirik. Bəs başqa hansı idman növləri ilə maraqlanırsınız?

– Uşaq vaxtı güləşə gedirdim. O da bir hobbi idi. Belə deyim, sadəcə sağlamlıq üçün. Bakıya gələndə isə sambo ilə məşğul olmuşam.

– Karyeranızı hansı idmançının karyerasına bənzədərdiniz?

– Heç birinin. İdmançı idmançıdır, mən niyə karyeramı ona bənzədim? O mənə bənzətsin.

– Futbolçu kimi özünüzü hansı mövqedə görürsünüz?

– Orta məktəbdə oxuyanda məktəbin qapısında dururdum. Bir az pis çıxır e, qapısında it durar. Mənlə Nizami adında biri oxuyurdu, o da qapıçı idi. O məndən daha yaxşı idi, həm də boyca hündür idi. Qapıçıda boy önəmlidir. Mən də gec-gündüz fikirləşirdim ki, Nizaminin qıçı qırılsaydı, bir az da mən dayanardım. Həmişə “zlatoy zamen” olmuşam. Nizami də sonradan “Qarabağ”da hücumçu kimi oynadı. Dedim, ə “nemes”, məktəbdə oynayanda da hücumçu olardın, mən yazıq da meydana çıxardım da. Həyatda isə həmişə hücumçu olmuşam. Müdafiə olunmağı sevmirəm. Ən yaxşı müdafiə hücum etməkdir.

– Hansı zərbələriniz boşa çıxıb?

– O qədər olub ki. Elə Qarabağla bağlı, torpaqla bağlı zərbələrimiz dəqiq olmayıb, o cümlədən mənim də. Amma zərbə də vurmuşuq. Gedib bəzən azarkeşə də dəyib.

– Ən yadda qalan qolunuz hansı olub?

– Qocalmışam, qızım, yaddaşımda saxlaya bilmirəm. Amma ən gözəl qollarım əsərlərimdir. Təvazökarlıqdan kənara çıxsaq, Qarabağla bağlı ən gözəl romanları, əsərləri mən yazmışam.

– İdmançılar yarış öncəsi hazırlıq keçir. Sizin sahədə hazırlığınız necə olur?

– Fikir söyləməzədən öncə, götür-qoy edirsən ki, bu sözü deməyə dəyər, dəyməz. Əgər söylədiyim fikri küncə vura-vura gedəcəmsə, söyləməyin adı yoxdur. Gərək elə fikir, təklif irəli sürəsən ki, onun ağırlığı olsun və ya həyata keçə bilsin. Yoxsa gündə parlamentdə nə iləsə bağlı çıxış et, publikaya oyna – bunu xoşlamamışam. Yəni publikanın xoşu gəlsin ki, Aqil Abbas parlamentdə dedi ki, maaşlar 10 min manat olsun – belə şeyləri publikaya oynamağı sevməmişəm.

– Aqil Abbas rəqibi məğlub etmək üçün hansı fəndlərdən istifadə edib?

– Yox, mənim kimisə məğlub etmək fikrim olmayıb. Mən yazıçılığımla fəndlərimi edirəm. Kimisə yıxmaq istəməmişəm. O adamlara zərbə vurarsan ki, o vətən xainidir, Azərbaycan millətinə, dövlətçiliyinə düşməndir. Fərq etməz, bu, azərbaycanlıdır, ya erməni.

– Hansı açıqlamanız azarkeşlərin qəzəbinə tuş gəlib?

– Heç biri. Əksinə, mənim açıqlamalarım həmişə hamının xoşuma gəlib. Çünki açıqlamalarım boşuna olmayıb. Hər hansı bir məsələyə münasibət bildirmişəmsə, onu xalqın ürəyindən gələn sözlərlə bildirmişəm. Xalqın istəyini deyirsənsə, azarkeşlər səni necə bəyənməsin ki?

– Döyüşünüz hansı qaydaları qəbul etmir?

– Dost bildiyin adamların xəyanətini döyüşüm qəbul etmir. Ömrümdə heç kimə xəyanət etməmişəm. Amma mən bağışlayıram. Özü bilər, Allahı bilər.

– “Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla”. Deyə müsahibələrinizin birində qeyd etmişdiniz. Bəs futbolsuz qalan stadionlarda necə, oranı da soğan tarlasına çevirsinlər, ya futbolun “üzünün ağarması”nı gözləsinlər?

– Qızım, mənə sual vermişdilər ki, işsizlik kəndlərdə varmı? Mən də demişdim ki, torpaq payı olan şəxs kənddə işsiz sayılmır. Bu, qanundur, mən də kəndçi balasıyam. Mənim də bütün nəslim kənddə yaşayır. Hərəsinin 1 hektar, 2 hektar torpaq sahəsi var. Və o torpaqları əkib-becərib ailələrini saxlayırlar. Buna görə də, onlar işsiz statusuna malik deyillər. Sənin torpaq payın varsa, get işlə də. Yox, yoxdursa, şəhərdə yaşayırsansa, sən işsizsən, iş axtarırsan. Sənə kimsə deyə bilməz ki, get ək-biç. Qardaş, mən şəhərdəyəm, maaş ver də. Həmin vaxtı Bərdədəki əmim uşağı mənə demişdi ki, 1 milyon 200 manat soğandan pul götürdüm. Əlində torpaq varsa, ək də. Soğan əkmə, get badımcan ək. Mənim bacım şəhid ailəsidir. Ona Ağcabədidə bir az torpaq sahəsi veriblər. O torpaqla dolanır.

XƏBƏRLƏR:  Eks-nazir 27 il əvvəlki SİRLƏRİ AÇDI: Elçibəy və Pənah Hüseyn o sözü ilk dəfə məndən eşidib

Mübariz Mənsimova açdığı iş yerlərinə, Azərbaycana qazandırdığı uğurlara görə,  simpatiyam var. O, “Xəzər Lənkəran”ı bir dəfəsində də yüksək liqadan çıxarmışdı. Lənkəranda stadionlar tikildi. Ona sual verdilər ki, komandanı çıxartdın, yaxşı, bu stadionda nə edəcəksən? Dedi, stadionda eşşək otaracam, sonra? Əsəbindən dedi.

İndi boş qalan stadion hər yerdə var. İmişlidəki gözəl stadionlarda artıq at otlayır. Region futbolu inkişaf etdirməlidir. Düzdür, indi region liqasında oyunlar gedir. Amma o oyun o oyun deyil. “Qarabağ”da 11 futbolçunun 11-i də ağdamlı idi. Kəndlər arası, məktəblər arası yarış keçirmək mümkündür. O zamanlarda keçirirdilər. Kəndlərdəki stadionlar 130 metrdən artıq olurdu, heç bilmirdik, kim ölçüb. Hər məktəbin özünün stadionu vardı. 50 nömrəli məktəbin stadionu çox böyük idi. Bir də Ağdamda hərbi hissə stadionu var idi. Təbii, bir də “İmarət” Şəhər Stadionu vardı. Bu yarışların içində futbolçu yetişirdi, “Qarabağ”a oyunçu gəlirdi. İdman məktəbləri vardı, uşaqlar inkişaf edirdi. Amma indi 15-20 ildir, olimpiya mərkəzləri tikilib. Bir üzgüçü, bir güləşçi, bir tennisçi veriblərmi? Hər şəraiti də var. Bəs 15 ildir, onu nəyə tikiblər? Oranın idman nazirliyinin nümayəndəsi var da. İcradan biriniz tutub deməlisən ki, dövlət bir belə pul töküb, tikib verib. Nə ilə məşğulsan? Heç nə. İmkanlı adamlar gəlib axşam hovuzda çimir. Güləşçilik də ya Bakıdandır, ya Dağıstandan gətirirlər. Rayon adı çəkin ki, orada hansısa güləşçi, ağırlıqqaldıran, tennisçi və.s çıxıb. Biri də çıxmayıb. Necə ki, bir də görürsən ki, hansısa rayon deyir ki, məndə uşaq 700 bal toplayıb, yalan söhbətdir. O uşaq Bakıdadır, repetitor hazırlayıb onu.

Bu dəqiqə futbolda ağdamlılar var. Onları Ağdam yetişdirməyib ki. “Qəbələ” Futbol Akademiyası yetişdirib. Özüm Ağdamdanam deyə oradan misal gətirirəm. 8 klubumuz var, onun 7-si Bakıdadır.

– Hakim olsaydınız, mandatını girov qoyan şəxsə hansı cəzanı verərdiniz?

– Bu məsələ mənlik deyil. Səhv edib, cəzasını da özü çəkəcək. Mən hakim deyiləm, ona görə də cəzanı mən verə bilmərəm.

– Şahmatın hasnsı fiquru olmaq istəyərdiniz?

– Şah. Amma orada mənim üçün ən yaxşı fiqur fildir.

– Sizcə, Azərbaycan futbolunun Messisi və Ronaldosu kimdir?

– Azərbaycan futbolunun Messisi və Ronaldosu yoxdur, olmayıb, olmayacaq da. Amma yaxşı futbolçuları var. Məsələn, Rəşad Sadıqov Azərbaycan futboluna töhvə verən adamdır. Keçmişə qayıtsaq, gərək Banişevskidən filan danışaq. Bugünki gündə ən çox ümid bəslədiyim Mahir Emrelidir, Qara Qarayevdir, Bədavi Hüseynovdur, Namiq Ələsgərovdur. Var da, var bir az. İmkan versələr, onlardan yaxşı futbolçu olacaq. İndi Messi olmaq üçün yaxşı akademiya olmalıdır. Yaxşı akademiya “Qarabağ” və “Qəbələ”dədir. İmkanım olsa, bütün xarici baş məşqçiləri buradan qovaram. Yurçeviçi elə birinci qovaram. Əgər bir komanda uduzanda baş məşqçi ağlamırsa, o, pula gəlir. Komanda istəyir udsun, istəyir cəhənnəmə uduzsun. O öz pulunu, onsuz alacaq. Bir də bilirsiz o Messilər niyə yetişmir? Gətirib məni “Neftçi”yə baş məşqçi təyin edirlər. 3 ay sonra Əlini gətirirlər, 5 ay sonra Vəlini gətirib qoyurlar. A bala, bir buna imkan  verin, komandanı yığsın, qoy bir neçə dəfə uduzsun. Qurbanov gələn kimi “Qarabağ”ı çempion etmədi ki? Tərlan Əhmədov düzəltmişdi, gələn kimi niyə çıxartdılar? Bordini gətiriblər. Moldovada futbol var, oradan baş məşqçi gətirirlər. Yaxşı olsaydı, buraxmazdılar. “Qəbələ”də bir gürcü oynayırdı, bir kamaz qohumun-əqrəbasın yığıb gətirmişdi. O gün “Qalatasaray”ın oyununda bir türk futbolçu yox idi. Belə futbol olar? Elə bil, Birləşmiş Millətlər Təşkilatıdır.

XƏBƏRLƏR:  “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”

– “Qarabağ” azarkeşi olduğunuzu bilirik. Bir neçə il əvvəl Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazdı. Bu uğuru siyasətdəki hansı uğura bənzədə bilərik?

– Ermənistanı blokada da saxlayırıq. Aprel döyüşlərində onlara biz dərs keçidik, amma bu dərsi yarımçıq saxladıq. Elə bil ki, ali məktəbdə dərs 90 dəqiqədir, orta məktəbdə 45 dəqiqə. Biz amma 45 dəqiqə oynadıq, 90 dəqiqə oynasaydıq, daha yaxşı olacaqdı. Yəqin, o 90 dəqiqə də oynanılacaq.

– Bayaq adını çəkdiyimiz və digər uğurların memarı Qurban Qurbanovdur. Onu dünya siyasətində kimə bənzədərdiniz?

– Mənim üçün çətin sualdır. Hansısa siyasətçini Qurbanova bənzətmək olar. O, siyasətçilərdən də yuxarıdadır. “Qarabağ” Çempionlar Liqasına düşəndə hər kəs Qarabağın Azərbaycanın olduğunu, ermənilər tərəfindən işğal edildiyini yazdı. Görürsüz, siyasi cəhətdən bu daha böyük rol oynadı.

– Hazırda Azərbaycan milli komandasının baş məşqçisi olsaydınız, uğur qazanmaq üçün futbolumuzda hansı köklü dəyişiklikləri  edərdiz?

– Mən Yurçeviçin yerində ola bilmərəm. Amma bir dəfə yazmışdım ki, futbolu Foqtsdan yaxşı bilirəm. İndi də deyirəm ki, futbolu Yurçeviçdən yaxşı bilirəm. Hər halda komandanı ailə halına salardım. Bir gün onu gətirirəm, bir gün bunu. Ekspriment aparırsan?

– Deyəsən, onu da göndərmək istəyirlər…

– Yurçeviçi göndərə bilməzlər. Necə ki Foqts şantaj edib pulunu aldı, bax belə. 5 il müqavilə imzalayırsan, niyə 5 il? Bəlkə, bu axmağın biridir, 5 il belimizə şəlləməliyik? Necə oldu, Qurbanovla da 5 illik müqavilə vardı, 6 ay sonra çıxartdınız? Çünki Qurbanov sizi şantaj etmədi, sizdən müqaviləyə görə pul istəmədi. Yurçeviçin qarşısına müqavilə bağlananda şərt qoyulmalıydı ki, bu komandanı formalaşdır. Qardaş, 2-ci yer istəmirik, heç olmazsa 3-cü yer elə. Daha 5 ölkə arasında 5-ci yer tutmaq… “Sənə bu qədər pul verəcəyik, 3 gün qalmış gəl” belə yox daha. Foqtsun məndən zəhləsi gedirdi. Tez-tez onu sancırdım. “İnter”lə hansısa klub oynayırdı, oturub futbola baxırdıq. Ona dedim ki, “İnter”də 1, o birində 2 azərbaycanlı oyunçu var, özü də zəif. Burada milliyə çağırmalıq azərbaycanlı var ki, oturub buna baxırsan? Get, filan komandanın oyununa bax. Qalxdı ki, bu məndən nə istəyir? Bir-birmizi belə “çox istəyirdik”.

– Futbolda bəzən yaddaqalan zərbələr olur. Bəs bizim ən böyük zərbəmiz hansı ölkəyə olub?

– Ermənistana. Biz başqa hansı ölkəylə düşmənik ki? Bütün dünya ölkələri ilə dostluqlar var. Sadəcə olaraq, bizim millətə belə şeylər yaşadan, torpaqlarımızı işğal edən Ermənistandır. Onunla heç bir sivil əlaqəmiz yoxdur. Gün gələcək Ermənistanla da sivil əlaqə qurulacaq. Necə ki, bütün ölkələrlə yaradılan sivil əlaqə  var. Amma o zaman ki, Qarabağ azad ediləcək, bax onda. Mən demirəm ki, erməni buradan çıxsın, getsin. Kim Azərbaycan Konstitusiyasını qəbul edirsə, xoşdur, oturacaq, işləyəcək. Hələ ki, müharibə şəraitindəyik.

– Aqil Abbas karyerasını bitirmək istəyir, ya qazanılacaq çox qələbələri olduğunu düşünür?

-Qızım, mən hələ ölməmişəm ki. İnsan öləndən sonra da karyerası yaşaya bilər. Səməd Vurğunun karyerası bitib? Yazıçının karyerası ölümündən sonra başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir