“Aprel hadisələri göstərdi ki, hazırkı status-kvo təhlükəlidir” – Nazir
“Aprel hadisələri göstərdi ki, hazırkı status-kvo təhlükəlidir” – Nazir
20 Sentyabr 2016 / 10:51 / Baxış sayı: 340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, iclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət – Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub. İclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir bildirib ki,

İƏT Kontakt Qruplarının təsis olunması Təşkilat üçün mühüm əhəmiyyətə malik məsələlərə İƏT Üzv Dövlətlərin daha çox diqqət yetirməsi üçün uğurlu təcrübə olmaqda özünü sübut edib: “İnanıram ki, bu Kontakt Qrupun iclasları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki son vəziyyət barədə İƏT Üzv Dövlətlərini məlumatlandırmaq və münaqişənin nizamlanması prosesinə İƏT-in mümkün töhfələrinə dair fikir mübadiləsi aparmaq üçün fürsət olacaq. Ermənistan Azərbaycana qarşı müharibəyə başladıb və güc tətbiq edib, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, ərazisinin beşdə birini işğal edib, bir milyondan çox azərbaycanlı əhalini didərgin salmaqla işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıb, münaqişə dövründə digər ağır cinayətlər törədib”.

XİN başçısı deyib ki, beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını pisləyib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha  təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası bir daha Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Baş Assambleyası münaqişəyə dair üç qətnamə (20 dekabr 1993-cü il tarixli, 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli, 60/285 saylı və 14 mart 2008-ci il tarixli, 62/243 saylı) qəbul edib və 2004-cü ildən etibarən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı xüsusi bənd BMT Baş Assambleyası sessiyalarının gündəliyinə salınıb.

“Ermənistan və Azərbaycan arasında münaqişə baş verdikdən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırıb və Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını ən kəskin şəkildə pisləyib. Silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca Dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir” – deyə, nazir qeyd edib.

Onun sözlərinə görə, Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir.

Bundan əlavə, atəşkəsin müntəzəm şəkildə pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter almış və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnib. Ən son bu ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib: “Aprel hadisələri göstərdi ki, beynəlxalq ictimaiyyətin qeyri-davamlı və qəbuledilməz hesab etdiyi status-kvo təhlükəlidir və gözlənilməz nəticələr ilə hər an gərginliyin artması ehtimalı var. Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir. Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar”.

Nazir bildirib ki, Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün birgə səy göstərilməsinin və Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün belə effektiv siyasi və iqtisadi tədbirlər görmək məqsədilə İƏT tərəfindən Üzv Dövlətlərə və beynəlxalq ictimaiyyətə davamlı çağırışlar edilməsinin vacibliyini nəzərə alaraq, İƏT Kontakt Qrupunun təsis edilməsi və onun effektiv fəaliyyəti böyük əhəmiyyətə malikdir: “İnanırıq ki, bu Kontakt Qrup çərçivəsində müzakirələr müvafiq İƏT qətnamələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək və bu xüsusda İƏT Üzv Dövlətlərinin ayrıca və birgə səylərini tarazlaşdırmağa kömək edəcək”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə