“Ancaq Prezidentə güvənirəm…” – Raquf Orucovun atası
“Ancaq Prezidentə güvənirəm…” – Raquf Orucovun atası
09 Avqust 2016 / 15:08 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün polkovnik-leytenant Raquf Orucovun atasının insult keçirməsi ilə bağlı xəbər vermişdik. Telefonla danışıq əsnasında şəhidin qardaşı Zabil Orucov bir çox problemlərdən danışdı. Biz də qərara gəldik ki, qəhrəman şəhidimiz Raquf Orucovun ailəsinə baş çəkək. 
Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşan Orucovlar ailəsi bizi isti münasibətlə qarşıladı. Şəhidin atası İbrahim dayı, həmçinin qardaşları Amil və Zabil Orucovla dərdləşməyə başladıq:
– Bizə dedilər ki, dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmisiz, teleqram vurmusuz, ancaq müraciətinizə laqeyd yanaşıblar. İndiyənədək sizə heç bir cavab verən olmayıb?
– Bir dəfə Kərəm Vəliyevin yanında olmuşuq. Dedim ki, məni nazir Zakir Həsənovla görüşdür. Bir aya yaxındır ki, səs-soraq yoxdur. Yəni tam laqeydsizlikdir.  İndiyə qədər heç bir dövlət nümayəndəsi yataqxanaya gəlib atamı yoxlamayıb.
Raquf Orucovun qardaşı Amil Orucov
– Nazirliyə nə üçün müraciət etmişdiniz?
– Qardaşımın 25 illik xidməti müqabilində ona və ailəsinə olan laqeydsizliyə görə. 4 aydır ailəsini qapılarda süründürürdülər. Şəhid ailələri üçün nəzərdə tutulan təqaüdün, övladlarına aylıq sosial müavinətin verilməsini bu qədər niyə yubadırdılar? Mətbuatda bu xəbər yayılan kimi 3 gün ərzində məsələni həll etdilər. Bizim kimi nə qədər şəhid ailəsi var. Elə ailələr var ki, bu pula möhtacdırlar. Bizdə medal almış idmançılara yüksək məbləğdə pul, maşın, ev verirlər. Ancaq şəhid ailəsinə 11 min manat. Bu laqeydsizlik deyil? Qardaşım briqada komandiri olub, 25 il xidmət göstərib, canını verib, ancaq ona qoyulan hörmət bax budur. Bizə pul, mal lazım deyil. Heç olmasa, xəstə atasına belə hörmətsizlik etməsinlər. Rəsmi şəkildə qardaşımın 3 və 40 mərasimlərinə gəlməli idilər. Amma heç kəs gəlmədi. Mehriban xanım şəhid analarını yığıb dedi ki, mən sizin qarşınızda baş əyirəm. Amma mənim atam Zakir Həsənovdan bu münasibəti görmədi.
– Belə soyuq münasibət təkcə sizin ailəyə qarşı göstərilir, yoxsa bütün şəhid ailələrinə?
– Siz nə vaxtsa görmüsüz ki, Zakir Həsənov şəhid ailələrinə baş çəksin? Ya onların dərdinə şərik çıxsın? Bir-iki Milli Qəhrəmanın ailəsini qəbul edib, bir də şəhid pilotların dəfnində iştirak edib. Biz təkidlə bildirdik ki, sizə sözümüz var. Ancaq orda da Kərəm Vəliyevi qabağı verdilər. Türkiyədə nazir, baş nazir gəlib şəhidin yaxınlarına baş çəkirlər. Bizdə isə…
Raquf Orucovun atası: “Bir dəfə də olsun qapımı gəlib açmadılar”
– Tək güvəndiyim adam varsa, o da prezident İlham Əliyevdir. Mənim Müdafiə Nazirliyindən gözləntim yoxdur. Oğlumun ölümündən sonra bir dəfə də olsun məni yoxlamadılar. Oğlum şəhid olan gündən zəlil qalmışam. İmkanım yoxdur, yeriyə bilmirəm, özüm də əliləm.
– Raquf sonuncu dəfə Bakıya gələndə əhval-ruhiyyəsi necə idi?
– Sonuncu dəfə mart ayında gəldi. Uşaqlarına baş çəkdi. Amma hərbi hissəyə tez qayıtdı. Heç görə bilmədim onu. Yanına gedəndə də bizi buraxmırdı. Deyirdi ki, əsgərlərdən utanıram, özüm gəlib görərəm sizi. Şəhid olandan sonra bildim ki, mən necə oğul böyütmüşəm. Bütün əsgər yoldaşlarının hamısı başına and içir.
Raquf Orucovun əmisi şəhidin bir çox qəhrəmanlıqlarından danışdı:
Bilirsiz ki, Raqufun anası şəhid olub. Onun məzarı təmas xəttindən xeyli aralıdır. Təzəliklə bilmişəm ki, Raquf anasının qəbrini ziyarət edirmiş. Təsadüfən bir nəfərlə yol gedirdim. Danışıq əsnasında haradan, hansı kənddən olduğumu soruşdu. Sonra dedi ki, Raquf Orucovu tanıyırsan? Dedim ki, əmisiyəm. Mənə baxıb gülümsədi. Soruşdum, nə məsələdir? Danışdı hər şeyi. Dedi ki, günlərin birində Raquf bir Quran oxuyan kəndçimizlə rastlaşıb. Raqufa deyib ki, gəl anana Quran oxuyum. O da cavab verib ki, qəbir üstünü ziyarət etməmiş, necə Quran oxuya bilərsən? Bir müddət keçəndə sonra gəlib deyib ki, anama Quran oxu. Başa düşdüm ki, anasını ziyarət edib. Raquf evdə otura bilmirdi. Elə ürəyi həmişə hərbi hissədə əsgərlərin yanında idi.
Raqufla bağlı xeyli danışandan sonra onun ailəsi ilə sağollaşdıq. Ancaq yol boyu bir şey gözümün qarşısından getmirdi. Raquf haqqında danışılan hər kəlmə qarşısında axan 71 yaşlı İbrahim kişinin göz yaşları…


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə