Ana olmaq istəyənləri hepatitlərdən qoruyaq
Ana olmaq istəyənləri hepatitlərdən qoruyaq
19 Avqust 2016 / 17:42 / Baxış sayı: 938
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Hepatitlərdən qorunaq!” adlı ictimai maarifləndirmə tədbirlərini nəzərdə tutan layihəyə başlayıb.

Layihə Azərbaycanda viruslu hepatitlərin hamilə və hamiləliyi planlaşdıran qadınlar üçün yaratdıgı həyati təhlükələr, hepatitlərə yoluxma yolları, yoluxma risklərinin azaldılması üsullarına dair maarifləndirmə tədbirlərinin sözügedən qrup və həmçinin ümumi əhali arasında təşkilini nəzərdə tutur.

Bu barədə məlumat verən layihə rəhbəri Fəxriyyə Abdullayevanın sözlərinə görə, hazırda bütün dünyada viruslu hepatitlər sosial əhəmiyyətli xəstəliklər sırasındadır və insanların həyatını təhdid etməkdə davam edir: “Hepatitlər müasir tibbin və insanların ciddi problemi və təhlükəsidir. Onu bəşəriyyətin “Sarı torani-Sarı süqutu” adlandırırlar. Hepatitlər hətta insanın immunçatışmazlıgı virusundan (HİV) daha yüksək sürətlə yayılır. 2010-cu ildə Ümumdünya Sağlamlıq Assambleyasının sessiyasında hər il iyul ayının 28-nin Hepatitlərlə Mübarizə Günü kimi qeyd olunmasina qərar verilib. 2013-cü ildən isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun nəzdində Hepatitlərlə baglı araşdırma üzrə ayrıca şöbə təşkil edilib. Burada əsas məqsəd xəstəliyin təhlükəsini ictimailəşdirmək, insanların hepatit virusuna yoluxmasının qarşısını almaq məqsədi ilə kütləvi maarifləndirmə tədbirlərinə yer ayırmaqdır”.

Layihə rəhbəri əlavə edir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən hepatitlərə yoluxanların sayı 2 milyardı keçib, hər il dünyada hepatitlərdən 2 milyondan yuxarı insan ölür. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yeri tutur. Beynəlxalq statistikaya görə, hazırda dünyada hər 12 nəfərdən biri hepatitlə yoluxub. ÜST bəyan edib ki, hamilə qadınlar hazırda daha çox risk altındadır.

“Məhz buna görə ana olmaga hazırlaşan qadınlarımızın maarifləndirilməsi və vaxtında müayinələrdən keçməsinə xüsusi ehtiyac var” – deyə F.Abdullayeva əlavə edir: “Hepatitlərin müalicəsi cox baha oldugu üçün, bəzən də heç mümkün olmadıgı üçün hazırda bütün dünyada diqqət hepatitlərin profilaktikası və əhalinin məlumatlandırılmasına yönəlib. Hamilə qadınlarımıza gəlincə, hepatit təkcə ana bətnində olan uşaq üçün yox, həmçinin virus vaxtında aşkarlanmadıqda ananın da saglamlıgı və həyatı üçün böyük riskdir.”

Qeyd edək ki, layihə konkret əhali qrupuna – hamilə və hamiləliyi planlaşdıran qadınlara yönəlməklə, viruslu hepatitlərin əsasən hamilə qadınlar üçün yaratdıgı həyati təhlükələr barədə onların maarifləndirilməsini nəzərdə tutur. Bu məqsədlə perinatal mərkəzlər, qadın məsləhətxanaları və ginekoloji kabinetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Bundan başqa, layihə müddətində dövlətin hepatitlərə müayinə və müalicə ilə baglı həyata keçirdiyi tədbirlərə dair ətraflı məlumat geniş ictimaiyyətə çatdırılacaq.

Layihənin məqsədi hamilə və hamiləliyi planlaşdıran qadınlar arasında viruslu hepatitlərə yoluxma hallarının azaldılmasına ictimai yardım göstərməkdir.

Dörd ay davam edəcək layihənin icrasına dair ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsi nəzərdə tutulur. Hepatitlərlə baglı ən müxtəlif mövzulara dair media materiallarının hazırlanması isə həmçinin insanların öz saglamlıgına münasibətdə daha məsuliyyətli davranmasını təblig etməyə yönəlib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə