Akif Çovdarov qəzəbləndi
Akif Çovdarov qəzəbləndi
23 Noyabr 2016 / 23:01 / Baxış sayı: 1054
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Akif Çovdarovun vəkillərinin prosesə gecikməsi üzündən iclas düz 1 saat gec başladı. Səbəb isə o göstərildi ki, Heydər Əliyev prospektində tıxacdır. Halbuki, məhkəmə heyəti, zərərçəkənlər və digər vəkillər hamısı zalda idi və həmin yolla gəlib çıxa bilmişdilər. Bir qədər qabağa gedib qeyd edək ki, gecikmələri üzündən saat 12-də başlamış iclasda Çovdarovun vəkili Kamandar Nəsibov artıq saat 13-də nahar fasiləsinin verilməməsindən şikayətləndi və əmək hüquqlarının pozulduğunu bildirdi.

Bugünkü iclas büsbütün cinayət işinin bir epizoduna – zərərçəkmiş Şahmar Qurbanovun biznesinin və hətta ailəsinin Akif Çovdarovun əməlləri üzündən dağılması barədə epizoda həsr olundu.

Şahmar Qurbanov kimdir və Çovdarov ondan nə tələb edib?

2007-ci ildə Akif Çovdarov zərgərlik məmulatlarının hazırlanması ilə məşğul olan “Riyad Prodakşn” MMC-nin direktoru Şahmar Qurbanovu MTN-ə çağıraraq, ondan 500 min dollar gətirməsini tələb edib. Bu məbləği toplamaq üçün zərərçəkən sexini, 4 avtomobilini və evini satmaq məcburiyyətində qalıb.

Pulları gətirməyəcəyi təqdirdə, Akif Çovdarov Şahmar Qurbanovu həbs etdirəcəyi ilə hədələyib.

Daha sonra MTN generalı Şahmar Qurbanovdan 4 və 5 karatlıq brilyantlar gətirməsini tələb edib. Ümumi dəyəri 380 min dollar olan zinət əşyalarını alıb soyğunçu Akif Çovdarova vermək üçün zərərçəkən tanıdığı insanlardan borc alıb, həyat yoldaşının qızıllarını satıb.

Bütün bu təqiblərdən bezmiş iş adamı 2011–ci ildə vətənini tərk edərək. Türkiyəyə köçməyə məcbur olub. Biznesini itirməklə yanaşı, müflisləşmiş milyonçu ailəsindən də ayrılıb.

“Ən yaxşı müdafiə hücumdur”

Şahmar Qurbanov Akif Çovdarovun vəkillərinin suallarını cavablandırdı. Qeyd etmək yerinə düşər ki, vəkillərin müdafiə taktikası orijinaldır. Burada faktlardan daha çox səsin tonuna və yüksəkliyinə diqqət yetirilir. Məsələn, ən adi söz qışqıraraq elə deyilir ki, yada məşhur “ən yaxşı müdafiə hücumdur” deyimi düşür.

O ki qaldı zərərçəkmişə verilən suallara, bunların az qala yarısı prosesə sədrlik edən hakim Həbib Həsənov tərəfindən məhkəmə baxışı predmetinə aid olmadığı üçün rədd edildi. Misal üçün, vəkilləri Şahmar Qurbanovun nəyə görə Akif Çovdarova 500 min dollar pulu verməli olduğundan çox onun zərgərlik biznesinin təşkili maraqlandırırdı. Məlum oldu ki, “Riyad Prodakşn” MMC zərgərlik işləri ilə 240 kvadrat metrlik sahədə məşğul olub, burada 120 işçi çalışıb, vergilər vaxtında verilib, işçilərlə əmək müqavilələri bağlanıb ya yox. Amma bunun mətləbə nə aidiyyatı olub-olmadığını heç kim anlamadı.

“Qaqaş” kimdir?

Şahmar Qurbanov sırf Bakı ləhcəsində danışır və orta təhsillidir. Bu səbəbdən, cavablarında bəzən ədəbi dildən daha çox Bakı şivəsinə məxsus kəlmələrdən istifadə edirdi. Vəkillərə onun “qaqaş” deyə müraciət etməsi Akif Çovdarovun müdafiəçilərinin xətrinə dəydi və zalda bir anlıq aləm bir-birinə dəydi.

Hakim Həbib Həsənov tərəfləri sakitləşdirərək bildirdi ki, normal müraciət formasıdır və hər regionda özünəməxsus şivədən istifadən olunur. Vəkil Kamandar Nəsibov replikasından qalmadı: “Möhtərəm hakim, onda mən də sizə belə müraciət edəcəyəm”.

“Yersiz danışma, otur yerinə”

Şahmar Qurbanovun cavabları daha çox “xatırlamıram” kəlməsi ilə yaddaşlara həkk olundu. Doğrudan da, 2007-ci ildə Bakıdan Dubaya dəfələrlə uçmuş adamın hər dəfə uçduğu günü və saatı xatırlaması qəribə görünərdi. Xüsusilə, üstündən 9 il keçdikdən sonra.

Bu arada sual vermək üçün növbə Akif Çovdarovun vəkillərindən birinə gəldi. Bayaqdan söz istəyən, lakin həmkarlarının sualları bitmədiyindən sözü ağzında qalmış vəkil Şahin Rəfiyev hakimin ona söz verməsini eşidincə sevincək və ucadan “Şükürlər olsun, ya Rəbbim!” deyə az qala dua etdi. Lakin prosesin gedişatını əlində saxlamağı bacaran hakim Həbib Nəsibov belə replikaları və nümayişkaranə çıxışları cavabsız qoymur. Bu dəfə də belə oldu. “Yersiz danışma, otur yerinə!” – bu kifayət etdi ki, vəkil normal tonda suallarına davam etsin.

Şahid Etibar Qasımovun “divar” siyasəti

Şahmar Qurbanovun direktoru olduğu firmanın təsisçisi Etibar Qasımov vəkillərə qarşı bir növ “divar” siyasəti işlətdi – bütün sualları təmkinlə “bilmirəm”, “işinə qarışmamışam” və “xatırlamıram” deyə cavablandırdı. Təkcə onu qeyd etdi ki, Akif Çovdarova “bac-xərac” aparmaq ərəfəsində lazım olan məbləği toplaya bilmək üçün zərərçəkmiş ondan 40 min dollar borc götürüb.

Bu yerdə generalın vəkilləri tab gətirmədi: “Sizdə o qədər pul haradan idi?” Cavab lakonikliyi ilə seçildi: “Sənin nəyinə lazım?”

 

Çovdarovun yeganə sürücüsünü digərlərindən necə fərqləndirməli

Şahid qismində dindirilən Akif Çovdarovun xidməti avtomobilinin sürücüsü Nurxan Atakişiyev bildirdi ki, Şahmar Qurbanovu tanımır, görməyib və onunla heç bir ünsiyyətdə olmayıb.

Xatırladaq ki, Şahmar Qurbanov ifadəsində 500 min dollar pulu Çovdarova avtovağzalın yaxınlığında generalın xidməti maşınında verdiyini bildirmişdi. Qeyd olunmuşdu ki, həmin vaxt sürücü maşını tərk edib və kənarda durub.

Şahmar Qurbanova “Siz sürücünün məhz Nurxan Atakişiyev olduğunu necə müəyyən etdiniz?” sualına o “Xarici görünüşündən” cavabını verdi. Sonradan məlum oldu ki, Akif Çovdarovun uzun illər ərzində xidməti avtomobilinin yalnız bir sürücüsü olub və bu sualın hansı məntiqlə verildiyi anlaşılmadı.

Sürücü Nurxan Atakişiyev ifadəsində bir-iki maraqlı məqama toxundu. Əvvəlcə bildirdi ki, general heç zaman pul, bağlama göndərmək-gətirmək kimi işlərə onu göndərməyib: “Məni belə pul işlərinə qatmırdı”. Şahmar Qurbanova pulun maşında verilə bilməyəcəyini iddia edən sürücü belə bir ifadə də işlətdi: “Hərdən avtomobildə belə görüşlər olurdu. Akif Çovdarov müxtəlif şəxslərlə, agentlərlə görüşürdü. Mən qarışmırdım, işimi görürdüm”.

“Sən MTN işçisindən çox kommersanta oxşayırsan”

Şahid İsgəndər Hüseynovun çıxışı Şahmar Qurbanovun ifadəsinin tam əksi oldu. Əvvəllər MTN-də işləmiş, Akif Çovdarovla qohumluğu olan, hazırda təqaüdə çıxmış Hüseynov bildirdi ki, Şahmar Qurbanovu hələ 2003-2005-ci illərdən tanıyır və onunla dəfələrlə Dubaya gedib, amma zərərçəkmişin dediyi kimi, brilyant gətirməyə yox, avtomobil və yolka gətirməyə. MTN-də məsul vəzifədə işlədiyi vaxtda kommersiya ilə məşğul olmasını isə dolanışığın çətinliyi və 6 uşaq atası olması ilə izah etdi.

Xatırladaq ki, zərərçəkmiş Şahmar Qurbanov keçmiş MTN işçisi İsgəndər Hüseynovun general Akif Çovdarovla əlbir olduğunu və idarə rəisinin göstərişi ilə onunla birlikdə Dubaya gedərək brilyantların hava limanında gömrükdən yoxlanışsız keçirilməsində iştirak etdiyini göstərmişdi. Həmçinin Hindistan vətəndaşı Qrişin borcunun əvəzində alınmış evin İsgəndər Hüseynovun həyat yoldaşının adına keçirildiyi zərərçəkənin ifadəsində bildirilirdi.

İ.Hüseynovun sözlərinə görə isə, Akif Çovdarov nəinki Şahmar Qurbanovu soyub-talayıb, hətta ona “dayday”lıq da edib. Şahidin sözlərinə görə, buraya nə üçün çağırıldığını anlamır və Şahmar Qurbanova yalnız yaxşılığı dəyib. Hətta zərərçəkmişi dələduzluqda və iş bacarmamaqda da ittiham etdi.

Qeyd edək ki, istintaqa ifadəsində Şahmar Qurbanovu MTN-in binasında heç vaxt görmədiyini bildirmiş İsgəndər Hüseynov məhkəmədə tam əksini dedi. Onun bildirdiyinə görə, MTN-in binasına Şahmar Qurbanovu o keçirib və Çovdarovun qapısını göstərib.

Uzun müddət bizneslə məşğul olduğundan və artıq “bilmədiyi işin olmadığından” danışan şahidin bütün suallara cavab verməsindən sonra hakim Həbib Həsənov dedi: “Sən MTN işçisindən çox kommersanta oxşayırsan”.

Akif Çovdarov nəyə qəzəbləndi?

İclasın sonunda vəkil Şahin Rəfiyevin müvəkkilinin sağlamlıq vəziyyətinə görə məhkəmə icraatının dayandırılması barədə verdiyi vəsatətə baxıldı. Bu barədə fikrini bildirmək üçün söz təqsirləndirilən Akif Çovdarova verildi. Lakin o, vəsatət barədə yox, məhkəmə prosesinin virtualaz.org və haqqin.az saytlarında işıqlandırılmasından keçirdiyi narahatlıqdan danışdı.

“Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Bilirəm ki, burada baş verənlər müvafiq orqanlar tərəfindən izlənir və sonradan həmin materiallar Eynulla Fətullayevə ötürülür. Yığışdırın bu işləri!”

Maraqlı versiyadır, amma nə fayda ki, həqiqəti əks etdirmir.

Növbəti məhkəmə iclası bazar ertəsi, noyabrın 28-ə təyin olundu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə