Ağdamın icra başçısı prezidenti belə aldatdı – Apreldə ziyan çəkmiş evlər təmir olunmur
Ağdamın icra başçısı prezidenti belə aldatdı – Apreldə ziyan çəkmiş evlər təmir olunmur
07 Noyabr 2016 / 17:20 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu il Aprel döyüşləri zamanı zərər çəkmiş ərazilərdən biri də Ağdam raoyunun Mahrızlı kəndi idi. 

Adıçəkilən kəndin sakini Sədrəddin Hüseynov Qaynarinfo.Az-a müraciət edərək bildirib ki, həyətinə düşən mərmidən sonra ev yararsız vəziyyətdədir və aparılan təmir işləri isə yarımçıq qalıb:

“Aprel ayının 27-dən 28-nə keçən gecə cəbhədəki gərginlik zamanı bizim həyətə mərmi düşmüşdü. Evin qabaq hissəsi həm əvvəlki videoda görünür, həm də indiki vəziyyəti çəkilib. Həmin hissə təmir olundu, qalan hissələr qaldı. Dedilər 10 gündən sonra gəlib tamamlayacağıq. İyun ayında başlanan təmir o vaxtdan yarımçıq qaldı, gələn olmadı. Material pulunun bir hissəsini onlar verdilər, bir hissəsini cibimdən qoydum ki, təmir qurtarsın. Amma yarımçıq saxladılar, o vaxtdan heç kim maraqlanmır. Ağdam rayon İcra Hamiyyətinin nümayəndəsi Vidadi müəllimə bir neçə dəfə demişəm.

Aprel döyüşləri zamanı evin vəziyyəti:
 
 
Bələdiyyənin sədri Şahmalı müəllim də vəziyyəti bilir. İcra başçısının müavini Ramiz Qədirova da məlumat vermişəm. İyunun axrından qapıdan çıxandılar. Deyirlər ki, pul yoxdur. Bundan sonra təmir işləri aparılmayacaq. Mən özüm inşaat mühəndisiyəm. Bilirəm ki, evin təmirinə təxminən 2000 manat pul lazımdır. Bəs, ölkə başçısı Ağdama üzrə 3 milyon manat pul ayırıb. Yüz evə 3 milyon manat çatmadı? Bizim kənddə zərər çəkən evlərin sayı 8-dir. Ölkə başçısı da hadisələrdən sonra bizim kənddə vəziyyətlə tanış olub. Cəmi 1 ev tamamilə təmir olunub, o da prezidentin baş çəkdiyi əmimgilin evi idi. Qalan 7 evi necə gəldi, yarımçıq təmir ediblər. Birinə 15 şifer verilib, birinə 20 lambirin… Bu iş də İcra Hakimiyyətinin öhdəliyindədir. İcra Hakimiyyətindən hara şikayət edə bilərik ki..? Ora müraciət etmişik, amma cavab gəlmir. Evin də vəziyyəti pisdir, tavanı aralanıb. Tavan çökür. Bir gün uçacaq başımıza. Yağış yağanda ev gölməçə olur. Çadır da istəmişik. Tapşırılmışdı ki, zərərçəkənlərə çadır paylanılsın. Ancaq şəxsən mən görməmişəm ki, bizim kəndimizdə kiməsə çadır verilsin. İndi biz nə edək?!”.
Yarımçıq təmirdən sonra evin vəziyyəti – video noyabrın 6-sı çəkilib:
 
Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumun Memarlıq şöbəsinin aparıcı məsləhətçisi İlkin Aslanov Qaynarinfo.Az-a bildirdi ki, ilk gündən ərazi ilə bağlı komissiya yaradılıb və ziyan çəkmiş evlər siyahıya alınaraq təmir işlərinə başlanılıb:

“Bizim tərəfimizdən zərər çəkmiş bütün evlər təmir olunaraq istifadəyə verilib. Görülən işlərlə bağlı akta ev sahibləri imza atıblar, onlar hətta dəfələrlə təşəkkür məktubu da ünvanlayıb. Dediyiniz ərazidə mümkün deyil ki, təmir yarımçıq qalsın. Bəlkə də həmin şəxs başqa bir evi çəkib sizə göndərib”.

Xatırladaq ki, Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılıb.

Məsələni diqqətdə saxlayacağıq. Buna bənzər problemi olan vətəndaşlar redaksiyamıza müraciət edə bilər…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə