ABŞ-da müsəlman dözümsüzlüyü başladı – Qarşıdurma ola bilərmi?
ABŞ-da müsəlman dözümsüzlüyü başladı – Qarşıdurma ola bilərmi?
28 Noyabr 2016 / 15:34 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampın seçkiqabağı etdiyi çıxışlar ölkədə bəzi münaqişə ocaqlarının yaranmasına səbəb olub. Belə ki, Trampın qalib gəlmsəindən sonra müsəlmanlarla bağlı səsləndirdiyi fikirlərə – ölkədən çıxarmaq və ABŞ-a buraxmamaq kimi vədlərinə əməl etməsini gözləyənlər artıq hərəkətə keçiblər.

Kaliforniyada yerləşən Long Beach, Claremont və San Jose məscidlərinə islamfobiya və irqçilik məzmunlu məktublar göndərilib. Məktubda “Hesab gününüz gəldi artıq. Dövlətin yeni başçısı Donald Tramp dövləti təmizləmə işlərinə ilk siz müsəlmanlardan başlayacaq. Hitlerin yəhudilərə etdiyini Tramp da siz müsəlmanlara edəcək” sözləri yazılıb.

Məktubda müsəlmanlar “alçaq və pis məxluqlar”, həmçinin “Şeytanın uşaqları” adlandırılıb.

Bəs Trampın vədinə əməl etməsə belə, sözdə ifadə etdikləri ABŞ-da müsəlman-xristian qarşıdurması yarada bilərmi?

Bununla bağlı BakiPost.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, dünyada dinlər arasında açıq qarşıdurma ola bilməz: “Çünki bu, dünyanın məhvinə səbəb ola bilər. Söhbət hansısa dövlətlərarası qarşıdurmadan getmir. Çünki hər dövlətin 50 və ya 100 milyon əhalisi var. Amma burada dinlə bağlı olan təxminən 4 milyarda yaxın insandan söhbət gedir. İndi müsəlmanlar xristian, xristianlar isə müsəlman ölkələrində yaşayırlar. Belə bir dini müstəvidə qarşıdurma olarsa, bu, 4 milyard insanı əhatə edən və sərhədi olmayan qarşıdurma olar. Bu isə ağla gəlməyən faciələr deməkdir. Ona görə də ən radikal adam belə dinlər arası münaqişədə səhv eləməz. Bu, çox təhlükəli olar”.

 

Partiya sədrinin sözlərinə görə, müsəlmanlarla xristianlar arasında mədəniyyətlərarası qarşıdurma var: “Bu münaqişə hardasa mədəni və ideoloji səviyyədə, rəqabət müstəvəsindədir. Hərbi müstəvidə olan münaqişəni isə heç kim dəf edə bilməz. Vaxtilə bu cür qarşıdurmalar Xaç Yürüşləri adı altında bir neçə dəfə olub. Amma onların da çox ağır nəticələri olub. Ondan sonra Xaç Yürüşləri ləğv olunub”.

Sərdar Cəlaloğlu qeyd edib ki, müasir dünyada Xaç Yürüşü və ya İslam Yürüşü eləmək mümkün deyil: “Dünyanın hər yerində müsəlmanlara qarşı təzyiqlər var. Məsələn, Hindistanda, yəhudilər arasında, Avropanın bir çox ölkələrində, Çində uyğur müsəlmanlarına qarşı dözümsüzlük var. İslam dini inkişaf etdikcə ona qarşı əks qüvvələr də mübarizə aparır. Biz bu mübarizədə ayrı-ayrı müsəlman xalqlarının verdiyi itkilərin də şahidi oluruq. Bu baxımdan lokal insidentlər olacaq. Amma bütünlükdə islam və xristian cəbhəsinin hər hansı bir münaqişəyə girəcəyinə inanmıram. Heç bir ağıllı insan da buna razı olmaz”.

Siyasətçi bundan sonra müsəlmanlarla xristianlar, müsəlmanlarla yəhudilər arasında münaqişələrin təriqətlər səviyyəsində baş verəcəyini vurğulayıb: “Çünki bütün dinlərin hamısı üçün ümumi xarakterik bir cəhət var. O da sülh və əminamanlıq, insanların həmrəyliyidir. Ümumi dinin prinsiplərindən imtina edən təriqətlər var. Bu təriqətlər həm xristianlarda, həm müsəlmanlarda, həm də yəhudilərdə var.

Bu baxımdan kiçik qrupların dindən şikayət edib, hanısa iğtişaşlar törədəcəyi və ya münaqişələr yaradacağı qaçılmazdır. Amma bütünlükdə dinlərin heç biri total şəkildə qarşıdurmaya səbəb olmayacaq. Buna nə dinlərin özü imkan verir, nə də indiki dünyadakı siyasi şərait dinlərin bu cür silah kimi istifadə edilməsinə imkan yaradır. Ona görə də Tramp kimi bir adam belə dindən istifadə edib mədəniyyətlərarası toqquşmaya gətirib çıxara bilməz”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə