Əsas menu

Salyanda qonşusunu öldürdüyü üçün Almaniyadan ekstradisiya olunan şəxsə 13 il həbs cəzası verildi 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə qonşusunu qətlə yetirərək cinayəti 14 ay gizlətmiş şəxsə hökm oxunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə təqsirli bilinən, 1969-ci ildə anadan olmuş Salyan şəhər sakini Rövşən Cavad oğlu Cavadov 2015-ci il noyabr ayının 11-də öz həyətində qonşusu, 1989-cu ildə anadan olmuş, Salyan şəhəri, Heydər Əliyev küçəsi, ev 46-da yaşayan Qasımov Elçin Mirqələm oğlunu qətlə yetirdiyi üçün cəzasını ciddi rejimli islah əmək müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rövşən Cavadov qonşuluqda tənha yaşayan Elçin Qasımovu qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə həyətindəki yarımtikilidə 2 metr uzunluqda çala qazaraq meyiti və cinayətin aləti olmuş bıçağı torpağa basdırıb, üzərini betonlayaraq gizlədib. Elçin Qasımov izsiz-soraqsız itkin düşdüyü üçün həmin vaxtdan axtarışa verilib. İtkin düşmüş kimi axtarılan Elçin Qasımovun qonşunun həyətində basdırılmış meyiti 14 ay sonra – 28 dekabr 2016-cı ildə aşkarlanıb və qətlin üstü açılıb.

Amma cinayəti törədən Rövşən Cavadov ondan bir ay əvvəl, 14 noyabr 2016-cı il tarixdə ölkədən çıxaraq Macarıstana, oradan isə Almaniyaya gedərək gizləndiyi üçün cinayət məsuliyyətinə cəlb edilməkdən bir müddət yayına bilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq müraciəti əsasında 28.06.2017-ci il tarixdə Almaniya Federativ Respublikasında tutularaq, 2018-ci il dekabr ayının 21-də Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, 50 yaşlı Rövşən Cavadov 1991-1993-cü illərdə Salyan polisinin post-patrul xidmətində serjant rütbəsində xidmət edib. 1993-cü ilin yazında İran İslam Respublikasına alverə gedən Rusiya Federasiyasının Çeçen Respublikası vətəndaşlarının mindikləri avtobusu Salyan rayonunun Noxudlu kəndi ərazisində saxlatdıraraq rüşvət aldığı üçün polis orqanlarından xaric edilib və şərti olaraq 2 il müddətinə azadlıqdan məhkum edilib.

Sonralar o, Salyan Rayon Məhkəməsinin 04.04.2006-cı il tarixli hökmü ilə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə də 11 il müddətinə azadlıqdan məhrum edilərək məhbus həyatı yaşayıb. 2-ci qrup əilidir. Rövşən Cavadov istintaqa verdiyi ifadələrdə Elçin Qasımovu öz həyətinə çağıraraq qısqanclıq zəmnində qətlə yetirdiyini bildirib.

Qətlə yetirilmiş 26 yaşlı Qasımov Elçin Mirqələm oğlu bir neçə il əvvəl hər iki valideyni xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən tənha yaşayırmış.

Qətlə yetirildiyi günün səhərisi ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gediblər. Həyət qapısı bağlı olduğundan qohumları evə hasardan aşaraq keçiblər. Mənzilin işıqları yanılı, elektrik sobası qoşulu olsa da, Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmırmış. Elə o vaxtdan da Elçin Qasımovdan bir xəbər olmayıb. Amma 14 ay sonra məlum olub ki, o həmin vaxt qətlə yetirilibmiş, meyiti yaşadıqları evin qonşuluğunda basdırılıbmış…

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*