“15 milyon manatın 30 faizini iş otağımda qəbul etmişəm” – “Rabitə işi”
“15 milyon manatın 30 faizini iş otağımda qəbul etmişəm” – “Rabitə işi”
28 Noyabr 2016 / 0:01 / Baxış sayı: 2710
Font1 Font2 Font3 Font4
Bizimxeber

Külli miqdarda mənimsəmədə ittiham olunan “Rabitə çetesi”ndəki sabiq məmurlar istintaq zamanı özləri özlərini ifşa ediblər. İllərlə milyonları soyub-talayıblar, ata malı kimi öz aralarında bölüşdürüblər. İndi isə günahı bir-birlərinin üzərinə atmaqla məsuliyyətdən yayınmağa can atırlar.
Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, “Rabitə işi” üzrə həbs olunan “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin rəhbəri Namazəli Məmmədov ifadəsində cəmiyyətlərə köçürülmüş pul vəsaitindən heç kimə, eləcə də Aparat rəhbəri Vidadi Zeynalova və baş mühasib Səhrab Hümbətova pul vermədiyini göstərib. Aparat rəhbəri isə əksinə, N.Məmmədovun direktoru olduğu “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, təsisçisi və idarə heyətinin sədri olduğu “Rabitə Tikinti” ASC, eləcə də partnyoru olduğu “Optik Tikinti Montaj” MMC-yə köçürülmüş təxminən 15 milyon manat pul vəsaitinin 30 faizini iş otağında ondan qəbul etdiyini açıqlayıb.
“Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin təsisçisi və direktoru, hazırda həbsdə olan Namazalı Məmmədov istintaqa verdiyi ifadəsində göstərib ki, 1996-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan 2 saylı Tikinti-Quraşdırma idarəsinin müdiri təyin olunub. Bir il sonra həmin müəssisə özəlləşdirilib, “Rabitə Tikinti” ASC adlandırılıb. 140 səhmdarı olan bu müəssisənin İdarə Heyətinin sədri N.Məmmədov, baş mühasibi isə Səhrab Hümbətov təyin edilib. Namazalı Məmmədov, eyni zamanda, həmin ildə “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-ni təsis edərək, müəssisənin direktoru olub. Müəssisələrin hesablaşma hesabı “Rabitəbank” ASC-nin Mərkəzi filialında olub: ”Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən “Optik Rabitə Tikinti və Quraşdırma” MMC və “Rabitə-Tikinti” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətləri yoxlanılarkən işlərin dəyərinin artırılması ilə bağlı göstərilən hesablamalar, mal-materialların, görülmüş işlərin, maşın-mexanizm xərclərinin və əlavə xərclərin müəyyən edilməsi zamanı real bazar qiymətləri nəzərə alınmayıb. 2011-2012-ci illərdə eyni dövrdə Sabirabad, Kürdəmir, Lənkəran və Tərtər Telekommunikasiya Qovşaqlarında eyni qiymətlərə xətt şəbəkələrinin çəkilişi həyata keçirilib, lakin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair aktda qiymət artımı faiz əmsalı götürüldükdə Sabirabad rayonunda 27%, Kürdəmir rayonunda 50%, Tərtər rayonunda 58%, Lənkəran rayonunda isə 81% göstərilib. Halbuki, işlərin görülməsi zamanı eyni qiymətlər tətbiq edilib. Təkliflər sorğusu əsasında Abşeron TKQ-da gördüyü xətt şəbəkəsinin çəkilişi ilə əlaqədar Dövlət Satınalmalar Agentliyinin razılıq məktubları ilə Abşeron TKQ ilə təxminən 2.600.000 manatlıq iş görülüb, şişirtmə əmsalı 69% göstərilib”.
N.Məmmədov deyib ki, şişirtmə kimi qeyd olunmuş belə hallar direktoru olduğu cəmiyyət tərəfindən işlər görülmüş digər obyektlərə də tətbiq edilib. Kotirovka sorğusu və tenderin keçirilməsi sifarişçi təşkilatın səlahiyyətlərinə aid olmaqla, həmin təşkilatların qəbul edəcəyi qərarlara təsir etmək imkanı olmayıb. Rabitə sahəsində uzun müddət təcrübəyə malik tanınmış mütəxəssis olduğuna görə, sifarişçi təşkilatlar həmin işlərin keyfiyyətlə görülməsi üçün ona müraciət ediblər. Sifarişçi təşkilatdan rəsmi təklif aldıqdan sonra mövcud bazar qiymətlərinə uyğun olaraq görüləcək işləri dəyərləndirıb və rəsmi məktubla öz rəsmi qiymətlərini sifarişçi təşkilatlara göndərib. Sifarişçi təşkilatda həmin təkliflərin hansı qaydada həll olunmasından məlumat olmayıb: ”Sifarişçi təşkilat keçirilmiş tender və kotirovka sorğusunda qalib elan olunduğunu bildirdikdə həmin təşkilatla müqavilə bağlayıb işi icra etmişəm, müqavilə bağladığım TKQ-ların nümayəndələrinin deməsinə görə, həmin təşkilatın büdcəsində olan pul vəsaitinə uyğun olaraq kotirovka sorğuları əsasında ərazilər üzrə hissə-hissə iş görülüb”.
N.Məmmədov ifadəsində həmçinin bildirib ki, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, “Rabitə-Tikinti” ATSC, eləcə də “Optik Tikinti Montaj” MMC-lərə ümumilikdə işlərin görülməsi üçün köçürülmüş pul vəsaitinin hamısı nəzərdə tutulmuş təmir-tikinti və quraşdırma işlərinin görülməsinə sərf olunub. Həmin cəmiyyətlərə köçürülmüş pul vəsaitindən əlavə olaraq, heç kimə, eləcə də Vidadi Zeynalova və Səhrab Hümbətova verməyib. Heç bir məbləği mənimsəməyib, belə bir fikri də olmayıb: ”Baş mühasib Səhrab Hümbətova iki-üç dəfə övladının müalicəsi üçün öz şəxsi vəsaitimdən pul vermişəm”.
“Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin rəhbəri qeyd edib ki, Səhrab Hümbətovun baş mühasib olduğu müəssisələr üzrə nə bank, nə də ki kassa sənədlərində, habelə təhtəlhesab şəxs kimi heç bir sənəddə pul vəsaitinin ayrılması və xərclənməsi ilə bağlı imzası olmayıb, bank hesabından pul vəsaitini özü götürüb.
Lakin Vidadi Zeynalov bildirib ki, Namazalı Məmmədovun 2009-2014-cü illər ərzində respublikanın müxtəlif rayonlarında kabel xətlərinin çəkilişi və rekonstiksiyası məqsədilə direktoru olduğu “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, təsisçisi və idarə heyətinin sədri olduğu “Rabitə Tikinti” ASC, eləcə də partnyoru olduğu “Optik Tikinti Montaj” MMC-yə köçürülmüş təxminən 15 milyon manat pul vəsaitinin 30 faizini iş otağında ondan qəbul edib. Üzləşdirmə zamanı ona verdiyi pullardan əlavə, Namazalı Məmmədova da əlavə pul qaldığını üzünə deyib. N.Məmmədov isə Aparat sədrinin dediklərini təkzib edib.
Qeyd edək ki, RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 153 milyon 143 min manat vəsaitin mənimsənilməsində ittiham olunurlar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə