1 avqust – Azərbaycan əlifbası günüdür – MƏQALƏ
1 avqust – Azərbaycan əlifbası günüdür – MƏQALƏ
01 Avqust 2016 / 11:09 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
Bizimxeber

1 Avqust – Azərbaycan Əlifbası Günüdür. “Report” bu münasibətlə filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın Dilçilik İnstitutunun məsul əməkdaşı Qara Məşədiyevin məqaləsini təqdim edir.Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir.

Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi dilçilik sahəsində də məqsədyönlü siyasətinin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsi və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olmasını qeyd etmək olar. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə və həmin tarixdən 1 avqust – Azərbaycan əlifbası günü kimi qeyd olunmasına başlanılmışdır.

Azərbaycan xalqı tarixən müxtəlif ictimai, siyasi və digər səbəblər üzündən bir sıra əlifba sistemindən istifadə etməli olmuşdur. Xalqımızın ən qədim dövrlərdə müxtəlif əlifbalardan istifadə etdiyini bizə qədər gəlib çatan onlarca yazılı abidələr sübut edir.Belə ki, azərbaycanlılar ayrı-ayrı dövrlərdə aşağıdakı müxtəlif quruluşlu əlifbalardan istifadə etmişlər:

  • 1.Qədim milli türk əlifbalarından (qədimdən VII əsrin II yarısına qədər);
  • 2.Ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından XX əsrin 1929-cu ilinə qədər);
  • 3.Latın qrafikalı əlifbadan (1929-1940-cı illər);
  • 4.Kiril qrafikalı əlifbadan (1940-1992-cı illər);
  • 5.Yenidən latın qrafikası əsasında hazırlanmış tamamilə yeni əlifbadan (1992-cı ildən-hal-hazıradək).

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur.

O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyasıyaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Həmin dövrdə bu işdə akademiklər Budaq Budaqov, Məmməd Cəfərov, Bəkir Nəbiyev, Əlisöhbət Sumbatzadə və başqaları öz səylərini və biliklərini əsirgəməmişlər. Cəmiyyətdə əlifba barəsində müxtəlif ziddiyyətli fikirlər mövcud olmuş və hansı əlifbanı götürmək barədə aşağıdakı təkliflər verilmişdir:

  1. Qədim Türk-Uyğur, yaxud Orxon-Göytürk əlifbasını müasir tələblərə uyğun hazırlayıb işlətmək;
  2. Keçmişdə istifadə etdiyimiz ərəb qrafikalı əlifbada islahat aparmaq;
  3. Dünyada oxşarı olmayan, tamamilə yeni bir əlifba düzəltmək;
  4. Latın qrafikalı əlifbaya qayıtmaq.

O zaman cəmiyyətdə ərəb qrafikalı əlifbanın tərəfdarlarının əksəriyyət təşkil etməsinə baxmayaraq məhz A.Qurbanovun təkidi ilə dördüncü təklifin – latın qrafikalı əlifbaya qayıtmaq ideyasının daha məqsədəuyğun olduğu qəbul edilmişdir. Bu təkliflə bağlı üç fikir səslənmişdir:

  1. Latın əsaslı müasir türk əlifbasını olduğu kimi götürmək;
  2. XX əsrin 20-ci illərinə qədər istifadə olunmuş əlifbada heç bir dəyişiklik etmədən eyni ilə qəbul edib işlətmək;
  3. Latın qrafikalı yeni müstəqil əlifba tərtib etmək.

Afad Qurbanov üçüncü mülahizəni əsas götürərək latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə