Ətin qiyməti ceyran belində
Ətin qiyməti ceyran belində
22 Noyabr 2016 / 10:22 / Baxış sayı: 1038
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qəssablar səbəbi gömrük rüsumlarının artırılmasında və dolların bahalaşmasında görürlər

Son bir ayda paytaxtda və bölgələrdə mal əti bahalaşmaqda davam edir. Demək olar ki, alıcılar hər gün qəssabxanada ən az 50 qəpiklik qiymət fərqi ilə üzləşirlər. Bölgələrdə diri heyvanın bahalaşması paytaxt bazarlarında da qiymət artımına səbəb olub. Qısa zaman ərazində ət 30 faizə qədər bahalaşıb. Qəssabxanalarda kiloqramı 9 manata olan mal əti indi 9 manat 50 qəpiyə təklif olunur. Mağazalarda isə qiymətlər 9 manat 70 qəpik-10 manata arasında dəyişir. Qoyun ətinin qiyməti isə dəyişməz olaraq qalır.
“Yeni Müsavat” qəzetinin müxbiri paytaxt bazarlarına baş çəkib və ətin bahalaşmasının səbəblərini öyrənməyə çalışıb. Paytaxt bazarlarında qiymətlərin nə dərəcədə artdığını öyrənmək üçün Xətai rayonunda, “Neapol” dairəsinin yaxınlığındakı  ət satışı yarmarkasına baş çəkdik.
 
Adının çəkilməsini istəməyən qəssab bahalaşmanın səbəbini belə izah etdi: “Ətin bahalaşması bizdən asılı deyil. Bunun əsas səbəbi regionlardan aldığımız heyvanların baha satılmasıdır. Ümumiyyətlə, qış aylarında yemlərin baha olması heyvanların qiymətini kəskin bahalaşdırır. Misal üçün, Bərdə bazarında 500 manata aldığımız diri heyvanı indi 700 manata alırıq. Nəqliyyat xərclərini hesablayanda bu, ətin bahalaşması ilə nəticələnir. Özümüzə isə qəpik-quruş qalır. Bütün xərcləri çıxandan sonra ətin  hər kiloqramında 50 qəpik qazanırıq. Mal ətinin kiloqramı bizə  9 manata başa gəlir, biz isə 9 manat 50 qəpikdən satırıq. Qoyun əti isə bahalaşmayıb”.

Satıcılar ətin bahalaşmasına gömrük rüsumlarının artmasını da səbəb göstərirlər. Məlum olduğu kimi, Azərbaycanda mal əti xaricdən də idxal olunur, qonşu ölkələrdən  diri heyvanlar gətirilir. İdxalın baha başa gəlməsi isə bazarlarda ətin qiymətinə təsir göstərir. Qonşu Gürcüstandan gətirilən heyvanlar ölkə bazarlarında üstünlük təşkil etsə də, son zamanlar onların sayı azalıb. Heyvan başına qoyulan gömrük rüsumu alverçilərə sərf etmir, bu baxımdan, həmin biznes növündən kütləvi şəkildə imtina edirlər. Bu cür amillər heyvan alveri ilə məşğul olan sahibkarları həvəsdən salır. Nəticədə ölkə ərazisində ət qıtlığı yaranır və bahalaşmaya gətirib çıxarır.
 
Həmsöhbət olduğum qəssablar da bunun səbəbinin heyvan başına qoyulan gömrük rüsumu ilə əlaqəli olduğunu dedilər: “Mal əti hətta 5 manata  qədər ucuzlaşa bilər. Sadəcə, gömrükdə qoyulan rüsumlar sahibkarları gətirdiyi heyvanın qiymətini artırmağa məcbur edir. Bu işdən  yalnız gömrük, yəni hökumət qazanır… Bahalaşmaya səbəb olan əsas amil budur. Sahibkar da ödədiyi gömrük rüsumunu heyvanı baha sataraq çıxartmaq istəyir. Gürcüstandan gətirilən heyvanlar bazarda ətin bahalaşmasının qarşısını alırdı. İndi qıtlıq yaranıb. Sahibkarlar ölkə daxilindəki  heyvanların  alveri ilə məşğul olurlar. Bu səbəbdən də region bazarlarında mal əti ceyran ətinin qiymətinədir. Dediyimiz problemlər həllini tapmasa, bu gedişlə ətin kiloqramı 13-14 manata qədər bahalaşacaq”.
Satıcılar iddia edir ki, ətin bahalaşmasında dollar amili də var.
Qəssabxanalara diri heyvan satışı ilə məşğul olan Baxış adlı satıcı  ətin bahalaşmasının səbəbini dolların möhkəmlənməsi ilə əlaqələndirdi: “Qış aylarında ot bahalaşır. Heyvan yemlərinin xaricdən gətirilməsi də diri heyvanların qiymətinin artmasına səbəb olur. Çünki bu yemlər dollarla alınır. Hazırda bir yonca bağlaması 4 manat 50 qəpik, 5 manatdır. Ən ucuz ot samandır ki, onun da qiyməti 1 manat 50 qəpikdir. Otların baha olması isə biçimi aparan texnikaların baha işləməsindən irəli gəlir. Çünki dəyəri yüz minlərlə manat olan texnikaların detalları xaricdən dollarla alınır. Belə olduğu təqdirdə kəndli biçimə verdiyi pulu çıxarmaq üçün otunu ucuz satmaq istəmir. Avtomotik olaraq yem bahalaşır. Heyvanını bəsləmək üçün digər kəndli otu baha alır. Bazara satışa çıxaran zaman çəkdiyi xərci hesablayıb, qiyməti bir xeyli artırır. Qəssablar isə diri heyvanı baha aldığı üçün baha da satırlar. Nəticədə ətin bahalaşması qaçılmaz olur”.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə mətbuata açıqlamasında ətin bahalaşmasının mövsümi xarakter daşıdığını bildirib: “Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir. Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur. Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar “Aqrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətirilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırdabuynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub”.
 

Bizimxeber.az 





Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə