Əsgəranlı başkəsən Ermənistanda müdafiə naziri təyin edilir?!
Əsgəranlı başkəsən Ermənistanda müdafiə naziri təyin edilir?!
08 Sentyabr 2016 / 19:04 / Baxış sayı: 1118
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanda bu ilin aprelində gedən 4 günlük müharibənin yaratdığı siyasi-hərbi böhran baş nazirin istefasına gətirib çıxarıb. Xəbər verildiyi kimi bu gün Ovik Abramyan istefasını elan edib. Konstitusiyaya əsasən yeni baş nazirin namizədliyi 10 gün ərzində müəyyən edilməlidir və parlamentə təqdim olunmalıdır.

Rusiyanın “Kolokol Rossii” saytı (ultramillətçi dairələrə bağlıdır) Ermənistanın baş naziri Ovik Abramyanın bu gün elan edilən istefasını şərh edərək yazır ki, prezident Serj Sərkisyan iyul ayında İrəvanda polis polkunun binasını ələ keçirmiş “Sasna tsrer” silahlı qruplaşmasının əsas tələblərindən birini yerinə yetirib.  Silahlı qiyamın yatırılmasından sonra Sərkisyan elan etmişdi ki, milli birlik hökuməti formalaşdırmağa hazırdır. İndi Ermənistan prezidenti öz komandasından bəzilərini qurban verərək narazıları sakitləşdirmək istəyir.

Xatırladaq ki, İrəvanda polis polis polkunun binasını ələ keçirmiş silahlı qrup hakimiyyətin Rusiyanın təzyiqi ilə işğal olunmuş əraziləri Azərbaycan qaytarmağa razılaşdığını iddia edirdi. Silahlı qrup tələb edirdi ki, Serj Sərkisyan başda olmaqla hakimiyyət istefa versin və aprel döyüşlərində itirilmiş ərazilər geri qaytarılsın.

“Qeyd etmək lazımdır ki, Sərkisyan baş nazirin fəaliyyətindən çoxdan narazı idi. Ötən ilin qışında Abramyan Sərkisyana lazım olan konstitusiya islahatları paketinin parlamentdən keçməsinə nail ola bilməyib, nəticədə hakimiyyət müxalifətlə danışıqlar masasına oturmalı olub. Bundan əlavə Abramyan passivlik göstərərək Azərbaycanın Qarabağda hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərdarlıqlara məhəl qoymayıb, nəticədə bu laqeydlik aprel ayında Qarabağda döyüş əməliyyatlarının başlamasına gətirib çıxarıb. Habelə Abramyan Rusiyadan silah alınmasını artırmaq planlarını pozub”-sayt yazır.

Bildirilir ki, aprel müharibəsindən sonra Ermənistan prezidentinin administrasiyası Ovik Abramyanın Serj Sərkisyanı devirmək üçün “qəsd planı” hazırlamasından şübhələnib. Beləliklə, Sərkisyan çoxdandır erməni elitası ilə baş nazirin namizədliyinə dair çoxdandır kompromis axtarırdı ki, müxalifətin hakmiyyəti ələ keçirməsinə imkan verməsin.

Ovik Abramyanın istefasından sonra hökumətin bütün üzvləri istefa vermiş sayılır və hazırda onlar vəzifələrini müvəqqəti icra edirlər. Baş nazirliyə əsas namizədin-“ArmRosqazprom”un direktoru Karen Karapetyanın yeni kabinetində kimlərin olacağı hələ müəyyən deyil. Xəbər verildiyi kimi erməni mənbələri yeni kabinetdə müdafiə naziri Seyran Ohanyan da daxil olmaqla bəzi nazirlərin yer almayacağını yazır.

“Aykakan Jamanax” qəzetinin yazdığına əsasən Qarabağdan olan general Vitali Balasanyanın müdafiə naziri təyin olunacağı gözlənilir. Bu, ağlabatan versiyadır. Balasanyan “Sasna tsrer” qruplaşmasının silahı yerə qoyub təslim olması üçün hakimiyyətlə qiyamçılar arasında danışıqlar aparıb.Bu danışıqların nəticəsində silahlı qrup təslim olmuşdu.

Balasanyan hazırda Qarabağda “deputat” olsa da Ermənistanın güc strukturlarında böyük nüfuza malikdir. O, hazırda işğal altında olan Əsgəran rayonundandır, 80-ci illərin sonlarında Qarabağda baş qaldıran erməni separatizminin fəallarından olub və daha sonra azərbaycanlıların Dağlıq Qarabağdan çıxarılmasına, kütləvi qətllərə başçılıq edənlərdən biri idi. Bu səhra komandiri Ağdamın və Füzulinin işğalında da rol oynayıb, erməni işğalçı birləşmələrinin komandirlərindən biri olub və azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınıb.

Bu ilin aprel ayında gedən döyüşlər zamanı isə Balasanyan Ağdərə-Tərtər-Ağdam cəbhəsində Azərbaycan ordusunun zərbəsindən sonra özünü itirmiş erməni qüvvələrinə de-fakto komandalığı üzərinə götürüb. Heç bir hərbi vəzifə tutmasa da o, cəbhənin həmin istiqamətində erməni qüvvələrinə komandanlıq edirdi. Döyüşlər dayanandan sonra Balasanyan itirilmiş əraziləri geri almaq üçün hücuma başlamağa çağıran səhra komandirləri arasında yer alıb.

Əgər Balasanyanın təyinatı baş tutsa bu o demək olacaq ki, Ermənistanda hakimiyyəti qəsb etmiş Qarabağ klanı 2017-ci il parlament seçkiləri ərəfəsində öz mövqelərini daha da gücləndirməyə çalışır. Belə ki, baş nazir postuna namizəd Karen Karapetyan da Qarabağdandır.

2017-ci il seçkilərindən sonra Ermənistan parlament üsul-idarəçiliyinə keçir və gözlənilir ki, Sərkisyan baş nazir statusunda hakimiyyətdə qalmaqda davam edəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə