Əmlak Komitəsi sabiq MTN-çilərin mal-mülkünü siyahılaşdırıb qurtara bilmir
Əmlak Komitəsi sabiq MTN-çilərin mal-mülkünü siyahılaşdırıb qurtara bilmir
07 Sentyabr 2016 / 11:22 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4
Bizimxeber
Eldar Mahmudovun milyardlarla dəyəri olan mal-mülkü aşkarlanıb; onun şirkəti təkcə İspaniya büdcəsinə 2 milyard vergi ödəyibmiş! 
Baş Prokurorluq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan cinayət işinin materiallarının məhkəməyə göndərilməsi ilə bağlı məlumat yayıb.
Məlum olub ki, MTN-in 4 əməkdaşının 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Əmək haqqı 2 min manatı aşmayan Akif Çovdarov və onun tabeliyindəki idarə rəislərinin milyonlarla dəyəri olan bu qədər mal-mülkü necə almalarını araşdırmaq istintaqçıların, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin işidir.
“MTN çetesi” fəaliyyətdə olduğu illərdə xeyli sahibkar, korrupsioner vəzifə sahibi onların əllərində əsir-yesir olub. Başlarına torba keçirilib aparılan bu adamlar həmin torbaları qızıl-brilyant, pulla doldurmaqla, mal-mülklərini “öz xoşları” ilə “MTN çetesi”nin üzvlərinə bağışlamaqla canlarını qurtara biliblər. Mal-mülklərindən, pul-paralarından keçməyənlər isə uzunmüddətli həbsə və hətta qəbirə göndəriliblər.
Ötən ilin oktyabrında MTN-də baş tutan qəfil əməliyyatdan sonra isə qurumda mənzillənmiş çetenin fəaliyyəti dayandırılıb. Başladılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 5-i general olmaqla, ümumilikdə 21 MTN zabiti həbsə alınıb. Ötən ilin oktyabrından həbsdə olan “MTN çetesi”nin üzvlərinin mal-mülklərinin siyahılaşdırılması hələ də davam edir. Redaksiyamıza daxil olan məlumata görə, siyahılaşdırma prosesinə ən müxtəlif dövlət qurumları, Əmlak Komitəsi də cəlb edilib. Komitədəki mənbələrdən aldığımız məlumata görə, “MTN çetesi”nə daxil olan generalların, onların tabeliyində olan şəxslərin mal-mülklərini 10 aydır ki, siyahılaşdırıb yekunlaşdıra bilmirlər. MTN-də kök salmış çete üzvləri  illərlə o qədər mal-mülk yağmalayıb yaxın ətraflarının adına rəsmiləşdirib ki, indi bunları üzə çıxarmaq çətinlik törədir!
Qaynağımız deyib ki, hətta təəccüblənməyə meylli olmayanlar da bu siyahılardakı adların qarşısındakı əmlaklarların sayını görüb heyrətə gələcəklər. Evlər, villalar, restoranlar, mağazalar, dükanlar, tikinti materialları satılan mərkəzlər, Azərbaycanın ən müxtəlif rayonlarında yerləşən bağ evləri, dənizkənarı imarətlər, saysız-hesabsız torpaq sahələri və s. əmlaklar “MTN çetesi” üzvlərinin həm də iştahlarının sərhədsizliyinə dəlalət edir.
Çete üzvlərinin böyük qanunsuzluqlar hesabına sahibləndikləri varidat hələ tam siyahılaşdırılmayıb, proses davam edir.
Bu gün Eldar Mahmudovun əmlaklarının bir hissəsi haqda məlumatlar var. Bir müddət əvvəl meydan.tv onun oğlu  Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda olan şirkətləri haqda məlumat yaymışdı. Bu şirkətlərin yaranması Anar Mahmudovun atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir.
Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, ”Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. ”Wine City” adlı 18 min  şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri tələbatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2″ mağazasını açdığını bildirir.  Holdinqə ”Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir. Bundan başqa, Anar Mahmudov Azərbaycanda “Diqlas-1″ MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, ”Kristal İnşaat” MMC-nin isə təsisçisidir.  “Kristal İnşaat” 2008-ci ildə, “Diqlas-1″ MMC isə 2010-cu ildə yaradılıb. Eldar Mahmudov nazir işlədiyi dönəmdə – 3 avqust 2012-ci ildə o, ”Royals” Turizm İnşaat Sənaye Ticarət Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazalarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur. Anar Mahmudov isə Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir.
Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir. Bundan başqa, Mahmudovların İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. “22 Vaquer De Bendinat S.L.” şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015-ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir. İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan “Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. “Majorca” tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyarddan bir az azdır. Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco.M” şirkətləri 2015-ci il ildə yaradılıb. Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib. Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsinə təyin ediləndə bunların heç biri olmayıb…
Əgər bu şirkətlərin bütün əmlakları nağd pula konvertasiya edilsə, on milyardlarla vəsait əldə etmək olar. Bir daha qeyd edirik ki, bu hələ Eldar Mahmudovun 11 illik nazirliyi dövründə əldə etdiyi sərvətlərin tam siyahısı deyil. Onun tabeçiliyində çalışıb çetesinə daxil olanlara da dəyəri on milyonlarla ölçülən mal-mülkə sahiblənmələri üçün şərait yaradılıb. Uduzan tərəf Azərbaycan dövləti, sahibkarlığı, xalqı olub.(Yeni Musavat)


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə