Əməliyyata gələn cərrah sərxoş çıxdı? Xəstə öldü – Bakıda
Əməliyyata gələn cərrah sərxoş çıxdı? Xəstə öldü – Bakıda
23 Avqust 2016 / 17:33 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakı Sağlamlıq Mərkəzində misli görünməmiş həkim məsuliyyətsizliyi ucbatından xəstə dünyasını dəyişib.
Mərhumun qızı İrina Zotova öz “Facebook” səhifəsində atasının başına gətirilən müsibətdən yazıb. İrina xanımın sözlərinə görə, 19 avqust 14.50-də atası qarnının aşağı nahiyəsində yaranan dözülməz ağrılar səbəbindən təcili yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya bölümünə aparılıb:
“Atamı müayinə edən həkim ona diaqnoz qoymaqda çətinlik çəkdi. Saat 14.50-də xəstəxanaya çatdırılmasına baxmayaraq, bu saatda ona diaqnoz qoyacaq bir həkim tapılmadı. Xəstəxanada kompüter tomoqrafiyasını, rentgeni, UZİ-ni edə biləcək mütəxəssislər işdə yox idi.
Buna görə də sözügedən proseslərin həyata keçirilməsi sabaha ertələndi. Bu, hələ ən dəhşətlisi deyil.
Atamı əməliyyat etmək üçün çağırılan cərrah xəstəxanaya sərxoş vəziyyətdə gəldi. Özü də yüngül yox, əməlli-başlı sərxoş!
O, ilk cəhdlə öz kreslosuna əyləşə bilmədi, bizimlə danışarkən çəkdiyi siqareti belə ilk dəfədən ağzına qoya bilmirdi. O, hətta öz baxışlarını bizə fokuslandırmağı bacarmırdı. Cərrahın nə vəziyyətdə olduğunu görən bacım onun toydan gəlib-gəlmədiyini soruşanda həkim belə cavab verdi: “Bu gün cümə günüdür. Bu, mənim haqqımdır!”
Bundan sonra həkimdən soruşdum ki, əməliyyat etmək üçün 4 saatdan artıq gözlədiyimiz həkim odurmu? Sərxoş cərrah təsdiqlədi. Mənsə dözməyərək “siz ki sərxoşsuz!” dedim. Bundan sonra həkim Elçin Əzizov bizi təhqir etməyə, söyməyə və xəstəxanadan qovmağa başladı.
Onu qeyd edim ki, atama qan analizindən başqa heç bir müayinə edilmədi.
UZİ-ni fərdi şəkildə reanimasiya şöbəsinə yalnız 20.00-da gətirməyə müvəffəq oldum və bunun üçün 60 manat ödədim.
Rentgen də eyni vaxtda edildi. Rentgen edərkən kritik vəziyyətdə olan xəstəni ayaq üstə qaldırdılar. “Yıxılmazmı” deyə, soruşanda, bizə “onda tutun, yıxılmasın”, – dedilər. Bundan sonra bacımla ikimiz atamı ayaq üstə tutub saxladıq. Rentgeni iki dəfə etdilər.
Yeni olmasına baxmayaraq, xəstəxanada mənə və bacıma verməyə bir xələt tapılmadı.
Elçin Əzizovu sərxoş olduğuna inandırmaq və başqa həkimin əməliyyatı keçirməsinə icazə ala bilmək üçün hadisə yerinə polis, xəstəxananın bütün cərrahiyyə şöbəsi gəldi.
Əməliyyat bir gün sonra, ayın 20-si 00.15-də başladı.
Elçini xəstəxanaya növbətçi cərrah Esmira Mahmudova çağırdı. O, dəfələrlə həkimə zəng vuraraq gəlməyini xahiş etdi. Esmira xanım danışarkən doktor Elçinin sərxoş olduğunu hiss etməyibmi? Yoxsa sərxoş halda əməliyyata girmək bu xəstəxanada artıq normal hal hesab olunur?
Bizi 4 saat sərxoş cərraha görə gözlədən Esmira Mahmudova bu zaman ərzində bizi inandırmağa çalışdı ki, Elçin ən yaxşı cərrahlardan biridir. Həkimin sərxoş halda liftdən çıxması, köməkçisinin yeriyə bilməyən cərrahına yardım etməsi nəzarət kameraları tərəfindən lentə alınıb. Bunu sübuta yetirmək mümkündür.
Mən polisə zəng vurub sərxoş cərrah haqda şikayət edəndə Esmira xanım öz mülayimliyini kənara qoyub üstümüzə şığıdı. Bizi söyməyə, təhqir etməyə və xəstəxanadan qovmağa başladı. Onlar xəstəxananın mühafizəçilərinə bizi xəstəxanadan çıxarmağı əmr etdi.
Mühafizəçilər isə – onlara tərbiyə verən valideynlərə minnətdarlığımı bildirirəm – onların əmrini yerinə yetirmədilər.
Elçin doktor bizə dedi ki, narahatlığımızı başa düşmür, atamızın 18 yox, 67 yaşı var.
Bacım 3 saat ardıcıl olaraq 102-yə zəng edirdi…
Bakı Sağlamlıq Mərkəzinin baş həkim Hikmət Həsənov məsələ ilə bağlı publika.az-ın suallarını cavablandırıb. O bildirib ki, xəstə ürək ağrıları ilə xəstəxanaya gətirilib, onda sayırıcı aritmiya olub.
“Xəstə iki dəfə infakt keçirib.  Sayırıcı aritmiyanın fəsadı bədənin müəyyən nahiyələrində tromblaşmanın olmasıdır. Onu kardeoqramma etdik, analizlər götürdük. Bu müayinələr aparıldığı vaxtda tromb onun bağırsağının arteriyasını tutub, bununla da bağırsaq infarktı baş verib. Bu, ən ağır diaqnozdur, onu müalicə etmək mümkün deyil. Cəmi 10-15 dəqiqəyə bağırsaq çürüyür və insan həyatını itirir. Xəstə 15 radələrində qəbul edilib,  bağırsaq infarktı ilə xəstəxanada olub. Gecikmiş müdaxilənin xəstənin ölümünə səbəb olması ilə razılaşmırıq. Çünki həkim diaqnoz qoymaq üçün müayinə etməlidir. Müayinə edilərkən, bağırsağına baxılıb və onun çürümüş vəziyyətdə olduğu müşahidə edilib. Lakin xəstəxanaya ilk dəfə gələndə qarnında ağrı olmayıb”.
Ailənin xəstəyə diqqətsiz yanaşılması və həkimin içkili olması ittihamına gəlincə, H.Həsənov bunun yalan məlumat olduğunu deyib: “Elçin həkim ümumiyyətlə, spirtli içki qəbul etmir. Əgər həmin günü içkili olsaydı, Şüvalandakı bağından 25 dəqiqəyə xəstəxanaya çata bilərdimi? Maşını da özü idarə edib. Sadəcə olaraq o, xəstəxanaya gələndə yuxudan oyanıb gəlib, ola bilər ki, məhz buna görə içkili olduğunu düşünüblər. Adi ünsüyyətlə içkili sübut etmək olmaz. Hətta dövlət yol polisi bunun üçün müayinə edir. Elçin Əzizov ona şər atdıqlarına görə ailəni məhkəməyə verəcəyini deyir. Çünki bu xəbər onun işgüzar nüfuzuna ziyan vurub”.
Əgər Mərkəzdə xəstəyə bütün lazımı köməklik göstərilibsə, ailə nə üçüm həkimə qarşı belə bir ittihamla çıxış edir sualına cavabında H.Həsənov bunu ailə ilə həkimlərin münasibətindəki anlaşmazlıqla əlaqələndirib:
“Xəstə yaxınları çox aqressiv olub, “102” xidmətinə zəng ediblər, qarışıq vəziyyət yaranıb. Həkimlər xəstəyə kömək etmək istəyərkən, yaxınları onları təhqir edib. Yəqin ki, həkimlər də dözməyib cavab qaytarıblar. Yəqin buna görə də məsələni mətbuata çıxarıblar. Onlar atalarına baxan olsaydılar, iki dəfə infakt keçirməzdi. Həmin gün mərkəzdə olmamışam, hər halda faktla bağlı araşdırma aparılır. Xəstə xəstəxanaya gətirilərkən və eləcə də, sonrakı əməliyyat prosesinin hamısı videoya çəkilib. Yəqin ki, həmin videonu saytda da yerləşdirəcəyik. O zaman hər şey aydın olacaq”.
Səhiyyə Nazirliyindən publika.az-a yayılan məlumatın yalan olduğu bildirilib.

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə